“Ordunun Səsi Radiosu" — bir il sizinlə...

“Ordunun Səsi Radiosu" — bir il sizinlə...

03 Oktyabr 2026

“Ordunun Səsi Radiosu" 2024-cü ildə — Zəfər Günündə 44 dəqiqəlik verilişlə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin 105 FM dalğasında yayımlanaraq radio olmaq yolunda ilk addımlarını atmağa başladı. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə Müdafiə Nazirliyindən məlumat verilib.

Sonrakı mərhələdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində həftə ərzində baş verən hadisələrin xronikası, daha sonra isə “Vətənin keşiyində” müsahibəli veriliş də həmin radio dalğada dinləyicilərə təqdim olundu.

2025-ci il oktyabrın 3-dən etibarən isə “Ordunun Səsi Radiosu" YouTube platformasında müstəqil radio kimi fəaliyyətə başladı.

Həftənin beş günü, beş saatlıq canlı yayımla efirə çıxan radio bir il ərzində müxtəlif mövzuları əhatə edən rubrika və verilişləri, əlamətdar günlərə həsr olunmuş tematik materialları dinləyicilərə təqdim edib.

“Yaşayan qəhrəmanlar”, “Savaşın bir anı”, “Hərb tariximiz”, “Qədim döyüş silahları”, “Hərbi terminlər”, “Müasir hərbi arsenalımız”və digər rubrikalarla dinləyicilərin görüşünə gələn “Ordunun Səsi Radiosu" YouTube platformasında fəaliyyətə başladığı gündən bu günədək 260 dəfə canlı yayımda olub, 500-dən çox material yerləşdirilib. 

3 oktyabr 2026-cı ildə “Ordunun Səsi Radiosu"nun YouTube platformasındakı fəaliyyətinin bir ili tamam olur.

Ordunun Səsi Radiosu - bir il sizinlə!

Ordunun Səsi - Zəfərin, Vətənin səsi!