Dil - millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur

Dil - millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur

21 Fevral 2026

21 fevral Beynəlxalq Ana Dili Günüdür

Ümummilli lider Heydər Əliyev: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Dil - millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!”.

21 fevral Beynəlxalq Ana Dili Günü insanın varlığını, yaddaşını və ruhunu sözlə birləşdirən ən dəyərli nemətlərdən birinə – ana dilinə həsr olunmuş mənəvi və mədəni bir gündür. Ana dili insanın dünyaya ilk addım atdığı andan etibarən eşitdiyi, hiss etdiyi və dərk etdiyi ilk həqiqətdir. O, sadəcə danışıq vasitəsi deyil, insanın daxili aləmini formalaşdıran, düşüncəsini yönəldən, hisslərini ifadə edən canlı bir varlıqdır. Ana dilində deyilən sözlər daha səmimi, daha təsirli və daha doğma səslənir, çünki bu sözlər qəlbdən gəlir və qəlbə yol tapır.

Dil bir xalqın ruhunun səsidir. Hər bir millətin keçdiyi tarixi yol, yaşadığı sevinc və kədər, qazandığı qələbə və çəkdiyi əzablar onun dilində əks olunur. Ana dili əsrlərin sınağından keçərək formalaşan milli yaddaşdır. Bu yaddaşda anaların laylaları, babaların nəsihətləri, aşıqların sazı, şairlərin misraları yaşayır. Bir xalqın dili yaşadıqca onun varlığı da möhkəm olur. Dil unudulduqda isə təkcə sözlər yox, həmin sözlərlə birlikdə bir dünyagörüşü, bir düşüncə tərzi, bir mədəniyyət də itir.

Beynəlxalq Ana Dili Gününün qeyd olunması dillərin bərabər hüquqa malik olduğunu və hər bir xalqın öz dilində danışmaq haqqının müqəddəsliyini xatırladır. Dünyada minlərlə dil mövcuddur və hər biri insanlığın mədəni xəzinəsinə əlavə olunan unikal bir incidir. Bu dillərin hər birində fərqli duyğular, fərqli baxış bucaqları və fərqli həyat fəlsəfələri ifadə olunur. Bir dilin yox olması təkcə həmin dili danışanların deyil, bütün bəşəriyyətin itkisidir. Çünki hər dil insan təfəkkürünün bənzərsiz bir formasıdır.

Ana dili insanın duyğularını ən saf və ən dolğun şəkildə ifadə etdiyi dildir. Sevinc göz yaşları da, kədərli ahlar da, ürəkdən gələn dualar da məhz ana dilində daha səmimi olur. İnsan başqa dillərdə danışarkən düşünür, ana dilində isə hiss edir. Ana dili insanın qəlbi ilə dili arasında birbaşa körpü yaradır. Bu körpü insanı öz köklərinə bağlayır, ona kim olduğunu xatırladır və mənəvi dayaq verir.

Azərbaycan dili xalqımızın milli varlığının əsas sütunlarından biridir. Bu dil əsrlər boyu müxtəlif tarixi sınaqlardan keçmiş, lakin öz ahəngini, zənginliyini və gözəlliyini qoruyub saxlamışdır.

Xalqımız daş kitabələrdə, qayaüstü yazılarda, bayatılarda, qoşmalarda Azərbaycan dilimizi qoruyub onu nəsildən-nəslə ən müqəddəs varlığımız kimi ötürmüşlər. Ana dilimiz beləcə, əsrlərin sınaqlarına sinə gərərək, alınmaz bir qalaya çevrilib. Gələn hər yeni nəsil doğma dilimizin zənginliyinə yeni-yeni töhfələr bəxş edib.

Yox, dil əsrlərin tale səsidir

Azərbaycan dili-büllur bir bulaq

Dil-xalqın adıdır, xalqın özüdür

Dilin ixtiyarı xalqdadır ancaq!

Azərbaycan dilində yaradılan poeziya, dastanlar, atalar sözləri və bayatılar xalqın hikmətini, həyat fəlsəfəsini və dünyaya baxışını əks etdirir. Bu dil anaların övladına söylədiyi laylada da, şairin qəlbindən süzülən misrada da eyni dərəcədə doğma və dəyərlidir. Ana dilinə sevgi onu yalnız danışmaqla deyil, düzgün işlətmək, qorumaq və saf saxlamaqla ölçülür.

Bu dil-bizim ruhumuz, eşqimiz, canımızdır

Bu dil-bir-birimizə əhdi-peymanımızdır.

Bu dil-tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil-əcdadlarımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə edək.

21 fevral Beynəlxalq Ana Dili Günü bizə xatırladır ki, dilə sahib çıxmaq təkcə bir xalqın deyil, hər bir fərdin borcudur. Ana dilini qorumaq keçmiş nəsillərin bizə əmanət etdiyi mənəvi sərvəti gələcək nəsillərə ötürmək deməkdir. Bu dil yaşadıqca xalqın səsi kəsilməz, sözü yarımçıq qalmaz. Ana dili var olduqca insanın kökü möhkəm, yaddaşı diri, ruhu isə azad olar. Bu səbəbdən ana dilinə sevgi bir günlə məhdudlaşmamalı, ömür boyu davam edən mənəvi bir dəyərə çevrilməlidir.

Azərbaycanın  gələcəyi  üçün əlindən gələni əsirgəməyən, fenomen şəxsiyyət, xalqımızın fəxri, böyük zəka sahibi  ulu öndər Heydər Əliyev dilimizin hərtərəfli  inkişafına daim çalışmış, onun saflığı dövlət  dilinə çevrilməsi,  zənginləşə-zənginləşə nüfuz qazanması və dünyanın ən mötəbər kürsülərdən eşidilməsi üçün əlindən gələni əsirgəməmişdir.  Ulu öndər deyirdi: İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır:

Mənim ana dilim-ürəyim,odum,

Ey tarım, kamanım, qopuzum, udum,

Vaqifim, Füzulim, Dədə Qorqudum,

“Şur”umun, “Cəngi”min mayası dilim!.

Mənim ana dilim-keçmişim, ulum,

Sonsuz gələcəyə uzanan yolum,

Sən adlı Vətənin qurbanı olum,

Ana Vətənimin anası dilim!

Fəxriyyə CƏFƏROVA