Dövlət qulluqçularının xidməti fəaliyyəti 9 səriştə üzrə qiymətləndiriləcək
Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti 3 klasterdə birləşən 9 səriştə əsasında qiymətləndiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, nəticəyönümlülük klasterinə məlumatların idarə edilməsi və qərarvermə, nəticələrin əldə edilməsi, peşəkar inkişaf və dəyişikliklərə açıqlıq səriştələri daxildir.
Başqaları ilə işləmək klasterində kommunikasiya, emosional zəka və komanda işi səriştələri yer alır.
Vətəndaşlara xidmət klasterinə isə cəmiyyət üçün dəyərlərin yaradılması, dürüstlük və etibarlılıq səriştələri daxildir.
Rəhbər vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti bu səriştələrə əlavə olaraq, Liderlik klasterində birləşən 3 səriştə üzrə də qiymətləndiriləcək.
Bunlar insanları idarə etmək, strateji düşüncə və başqalarını inkişaf etdirmək səriştələridir.








