Elvin Əlimərdanov: Naxçıvana ayrılan dotasiyanın azalması iqtisadi islahatlarla bağlıdır - VİDEO
Naxçıvan Muxtar Respublikasında son iki il ərzində aparılan iqtisadi islahatlar, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə nəticəsində büdcə daxilolmaları yerli mənbələr hesabına təmin edilib.
Bunu "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini Elvin Əlimərdanov bildirib.
O, qeyd edib ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiya mərhələli şəkildə azaldılıb.
Belə ki, 2023-cü ildə baza ili olan 2022-ci illə müqayisədə 110 milyon manat, 2024-cü ildə isə 239 milyon 850 min manat azalma qeydə alınıb. Ümumilikdə, son iki il ərzində Naxçıvana ayrılan dotasiya 349 milyon 850 min manat azalıb. Bu da ölkə büdcəsinə olan yükün əhəmiyyətli dərəcədə yüngülləşməsinə səbəb olub.
"Bununla yanaşı, yerli gəlirlərdə də ciddi artım müşahidə edilib. Əgər 2022-ci ildə yerli gəlirlər büdcənin 31.78%-ni təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 58.55%-ə yüksəlib. 2024-cü il ərzində əvvəlki illə müqayisədə yerli gəlirlər 77 milyon 154 min manat artıb" - deyə nazir müavini bildirib.