
Ən böyük ibadət nöqsanların fərqində olmaq və vicdanına hesab verməkdir
Müasir dövrdə insanlar fərqli inanclara, həyat tərzlərinə və dünyagörüşlərinə malikdir. Lakin istisnasız olaraq hamımızın içində “özümüzlə baş-başa qalanda səssizcə danışan bir səs” var -Vicdan. İnsan nəyə inanırsa inansın, hansı mövqedədirsə olsun, vicdanla hesablaşmadan həqiqətən rahat və mənalı bir həyat yaşamaq mümkün deyil.
Bu baxımdan, "ibadət" anlayışını yalnız dini kontekstdə deyil, insanın özünə və həyatına qarşı dürüstlüyü, məsuliyyət hissi, vicdani rahatlığı qorumaq cəhdi kimi də başa düşə bilərik. İbadət, yalnız bir vəzifənin yerinə yetirilməsi deyil, bir mənəvi yolçuluqdur. Bu yolçuluqda insanın qarşılaşdığı ən böyük maneələrdən biri ibadətin ruhunu itirmək və onu zahiri formalara endirməkdir. İbadət nöqsanları dedikdə isə gündəlik həyatdakı özümüzə və başqalarına qarşı etdiyimiz səhlənkarlıq, laqeydlik və ya riyakarlıq nəzərdə tutula bilər və bu "ibadətdəki nöqsanların" fərqində olmaq -yəni özümüzə qarşı dürüst ola bilmək, müasir insan üçün ən böyük mənəvi yüksəlişdir.
Bəzən insanlar cəmiyyət içində mükəmməl görünməyə çalışır, nəzakətli, yardımsevər, anlayışlı. Ancaq bu davranış yalnız göstəri üçündür, çünki eyni şəxs evdə yaxınlarına qarşı səbirsiz, soyuq və kobuddur. Bu, bir növ "göstəriş üçün yaxşılıq"dır-özü ilə barışıq olmayan insanın yaratdığı daxili boşluğun əlamətidir. Bir sözlə desək daxildə başqası, çöldə başqası olmaq.
Bir vətəndaşın müşahidə kameralarının olduğu yerlərdə özünü diqqətli aparması, bir işçinin yalnız rəhbər baxanda işini düzgün görməsi, bir şagirdin müəllim yanındaykən çalışqan olub, dərsə yanaşmasında səhlənkar davranması və ya bir insanın ictimaiyyət qarşısında düzgün, amma gizli davranışlarında məsuliyyətsiz olması- bütün bunlar həyatdakı “ibadət nöqsanları” kimidir. Çünki bu hallarda insan öz vicdanı ilə deyil, başqalarının gözü ilə yaşayır, yəni etik dəyərləri yalnız nəzarət altında olanda qoruyur.
İnsan zamanla müəyyən vərdişlərə alışır, hər gün eyni şəkildə işə gedir, salam verir, “necəsən” deyir və s. Lakin bu davranışlar içi boşaldılmış şəkildə təkrarlanmağa başlayanda səmimiyyət itir. Təbəssüm etmək belə sadəcə sosial bir funksiya kimi yerinə yetirilir. Bu da bir növ vicdani uyuşma, daxili autopilot rejimidir.
Bu cür durumlar insanı özünüdərkə aparır. Çünki əsl inkişaf, başqalarının tərifindən yox, özümüzlə barışmaqdan başlayır. Vicdana hesabat vermək isə sadəcə səhvləri axtarmaq deyil- həm də yaxşılıqları davam etdirmək üçün güclü motivasiyadır.
Bir rəhbər işçilərinə qarşı ədalətli davranmadığını bilirsə, özüylə üzləşməlidir. Təkcə əmək qanunlarını pozmaq yox, insani münasibətləri zədələmək də vicdanın səssiz məhkəməsində cavabsız qalmır.
Bir valideyn övladına zaman ayırmadığını, amma özünü "onlar üçün çox çalışıram " deyə bəraət qazandırırsa, içində dərin bir boşluq hiss edə bilər. Vicdan bu ziddiyyəti uzun müddət susdura bilməz. Bir dost səmimiyyət və dəstək göstərmək əvəzinə sadəcə münasibət saxlamaq üçün əlaqə qurursa, bu da daxili olaraq "özünü itirmək" halıdır.
Gündəlik həyatın sürəti, rəqabəti və sosial gözləntilər içində çox vaxt özümüzdən uzaq düşürük. Ancaq insanın öz içini dinləməsi, səhvlərini görməsi və düzəltmək istəyi onu daha dərin, daha həqiqi bir həyata aparır. Həyatda ən səmimi addım - öz vicdanına doğru atılan addımdır.
Əlövsət HÜSEYNQULİYEV
AŞPA-nın üzvü statusuna malik olan Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri