Gecə vaxtı hesab edilən müddət hansıdır ? -

Gecə vaxtı hesab edilən müddət hansıdır ? - HÜQUQ MƏSLƏHƏTİ

17 Aprel 2026

Sual: Gecə vaxtı hesab edilən müddət hansıdır və gecə işlərinə cəlb edilmənin hansı xüsusiyyətləri var?

Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97 və 98-ci maddələrinə əsasən, axşam saat 22:00-dan səhər 06:00-dək olan müddət gecə vaxtı sayılır.

Qanunvericilik bəzi şəxslərin gecə işlərinə cəlb olunmasını ya tamamilə qadağan edir, ya da xüsusi şərtlərə bağlayır:

Yaşı 18-dən az olan işçilərin gecə vaxtı işlərə cəlb edilməsinə qətiyyən yol verilmir.

Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlar, eləcə də 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə işinə yalnız onların yazılı razılığı olduqda cəlb edilə bilərlər.

Əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız özlərinin yazılı razılığı və müvafiq dövlət orqanının (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Həmçinin, müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş ağır və zərərli iş yerlərində çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, işin gecəyə düşən hissəsi 1 saat qısaldılır. İşçilər gecə növbəsinə təyin edilərkən, onların ailə vəziyyəti ilə bağlı ehtiyacları da mümkün qədər nəzərə alınmalıdır.

Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev