Gələn il doğuş, dəfn və uşağa qulluq müavinətləri artırılacaq

Gələn il doğuş, dəfn və uşağa qulluq müavinətləri artırılacaq

04 Noyabr 2026

2027-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün 280 milyon 630 min manat vəsaitin ayrılması proqnozlaşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Həmin məbləğ 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 77 milyon 60 min manat və ya 37,85 faiz çoxdur.

Gələn il 3 yaşınadək uşağa qulluğa görə müavinət alanların sayının 24 870 nəfər olacağı gözlənilir. Bu məqsədlə 21 milyon 388 min 148 manat vəsait nəzərdə tutulub. Bir nəfərə düşən aylıq müavinətin məbləği 100 manat olacaq.

Hamiləliyə və doğuşa görə müavinətlərin ödənilməsi üçün isə 77 milyon 340 min 781 manat vəsait ayrılması planlaşdırılır. Bu müavinəti 19 599 nəfərin alacağı proqnozlaşdırılır.

Bundan başqa, 2027-ci ildə uşağın anadan olmasına görə birdəfəlik müavinətin 600 manatdan 1 500 manata çatdırılması nəzərdə tutulur. Beləliklə, bu ödənişin məbləği 900 manat və ya 2,5 dəfə artacaq.

Dəfn müavinətlərinin də artırılması planlaşdırılır. Belə ki, sığortaolunan şəxsin dəfni üçün müavinətin 590 manatdan 700 manata, pensiyaçının dəfni üçün ödənişin isə 946 manatdan 1 200 manata çatdırılması nəzərdə tutulur.