Zəfərdən quruculuğa: Güclü Azərbaycanın yeni nəsil hədəfləri

Zəfərdən quruculuğa: Güclü Azərbaycanın yeni nəsil hədəfləri

04 Noyabr 2026

Dünyaya səs salan, yaratdığı reallıqlarla regionda və dünya siyasətində yeniliklərə yol açan tarixi Zəfərimizin 6-cı ildönümünü qeyd edirik. 44 günlük Vətən müharibəsində şanlı Qələbəmiz çoxəsrlik tariximizin səhifələrini vərəqləməyi, Azərbaycanın yaşadığı faciələrin indiki və gələcək nəsillərə çatdırılmasını bir tələb kimi qarşıya qoyur. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Bir milyondan çox azərbaycanlı 30 il qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı ərazilərimizi acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Torpaqlarımızın işğaldan azad edilməsi, bu ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılması, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışının təmin edilməsi işğal dövründə dövlət siyasətinin mütləq prioriteti, strateji hədəfi olub. Tarixi Zəfərimizə gedən yola nəzər salsaq görərik ki, Azərbaycan bu müddət ərzində bütün sahələrdə uğurlu inkişafa nail oldu, informasiya cəbhəsində üstünlüyünü qorudu, Ordumuz Qələbəyə hazırlandı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyi, həmrəyliyi gücləndirildi. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, güclü Azərbaycan həmişə hədəfimiz olub.

Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı nəsillərin düşüncəsinə, milli kimliyinə və dövlətçilik şüuruna da dərin təsir göstərir. 8 Noyabr – Zəfər Günü məhz belə tarixi hadisələrdəndir. Bu gün xalqımızın uzun illər qəlbində yaşatdığı torpaq həsrətinin sona çatmasının, milli iradənin, birliyin və dövlətçilik qətiyyətinin təntənəsinin rəmzidir. Zəfər Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, ölkəmizin gələcək inkişafı üçün də möhkəm zəmin yaratdı.

Vətən müharibəsində qazanılan tarixi Qələbə təsadüfi nəticə deyildi. Bu uğurun arxasında uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, iqtisadi gücün artırılması, ordu quruculuğu, beynəlxalq müstəvidə aparılan ardıcıl fəaliyyət və xalqımızın sarsılmaz həmrəyliyi dayanırdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının öz torpaqlarına bağlılığını, ərazi bütövlüyünün bərpası naminə nümayiş etdirdiyi qətiyyəti bütün dünyaya göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Qələbə uzun illər davam edən işğala son qoyulması istiqamətində həlledici mərhələ oldu.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Dövlət Bayrağının ucaldılması bu tarixi prosesin rəmzi məqamlarından birinə çevrildi. Beləliklə, xalqımızın illərlə gözlədiyi tarixi ədalət təmin olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərqərar edildi. Bu hadisələr yalnız siyasi və hərbi nəticə kimi deyil, milli yaddaşın, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsi kimi qiymətləndirilməlidir.

Dövlətimizin başçısı İlham Əliyevin xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə imzaladığı 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Dövlətimizin başçısı İlham Əliyevin həmin tarixdə imzaladığı «Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında» Sərəncamı da Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Cənab İlham Əliyevin təşəbbüsü ilə açıq səma altında salınmış Hərbi Qənimətlər Parkında təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Şanlı Qələbəmiz Azərbaycanın tarixində yeni inkişaf səhifəsini açdı: Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi diqqətdədir. Hazırda ölkəmiz dünyaya təkmil sülh təcrübəsini təqdim edir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirləri sadalamaqla bitməz. Qürurvericidir ki, son 6 ildə azad Qarabağımız və azad Şərqi Zəngəzurumuz da diplomatik mərkəzə çevrilib. Bu məkandan dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq mesajları çatdırılır. Azad Ağdam, Zəngilan və Xankəndi şəhərləri Azərbaycan Milli Şəhərsalma forumlarına ev sahibliyi etməklə ölkəmizin zəngin şəhərsalma təcrübəsini dünyaya təqdim etdi. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan, bərpa edilən Qarabağımız, Şərqi Zəngəzurumuz mərhələli şəkildə sakinlərinə qovuşurlar.

Zəfərin davamı – Böyük Qayıdış və quruculuq mərhələsi

Tarixi Qələbədən sonra qarşıda daha mürəkkəb və uzunmüddətli vəzifə dayanırdı: işğaldan azad edilmiş əraziləri yenidən qurmaq, dağıdılmış yaşayış məntəqələrini bərpa etmək, insanların doğma yurdlarına qayıdışını təmin etmək və həmin ərazilərdə müasir həyat şəraiti yaratmaq. Bugünədək Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Zəfərin yeni mərhələsinin – dirçəliş və inkişaf mərhələsinin əsasını təşkil edir.

Böyük Qayıdış yalnız insanların əvvəlki yaşayış yerlərinə köçürülməsi prosesi deyil. Bu, bütöv yaşayış mühitinin, sosial-iqtisadi əlaqələrin və gündəlik həyatın yenidən formalaşdırılması deməkdir. Bunun üçün yollar, elektrik, su, qaz, rabitə və digər infrastruktur obyektləri yaradılır, yaşayış binaları, məktəblər, tibb müəssisələri, sosial və mədəni obyektlər inşa olunur. Qayıdan ailələrin həmin ərazilərdə daimi və rahat həyat qura bilməsi üçün iş yerlərinin, təhsil imkanlarının, səhiyyə və sosial xidmətlərin mövcudluğu mühüm əhəmiyyət daşıyır.

Azad olunmuş ərazilərdə dövlət idarəçiliyinin, təhsil, biznes, mədəniyyət, idman və sosial həyatın müxtəlif istiqamətlərinin yenidən formalaşması bu şəhərlərin Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatına inteqrasiyasını sürətləndirir. Yeni yaşayış və ictimai məkanların, biznes və xidmət obyektlərinin, mədəniyyət müəssisələrinin və nəqliyyat infrastrukturunun yaradılması bu şəhərlərin gələcək inkişaf potensialını genişləndirir.

Xocalının bərpası da xüsusi mənəvi məna daşıyır. Azərbaycan xalqının yaddaşında dərin iz qoymuş Xocalıda Dövlət Bayrağının dalğalanması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması şəhərin tarixində yeni səhifə açır. Xocalı Soyqırımı Memorialının yaradılması tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Xocalının həm yaşadığı faciənin, həm də dirçəlişinin tarixinin öyrənilməsi milli yaddaşın davamlılığını təmin edən vacib amillərdəndir.

Xocavəndin zəngin tarixi-mədəni irsi və təbii potensialı onun gələcək inkişafı üçün geniş imkanlar yaradır. Azıx və Tağlar mağaraları kimi dünya əhəmiyyətli arxeoloji abidələr bu ərazinin tarix və mədəniyyət turizmi baxımından əhəmiyyətini artırır. Eyni zamanda, kənd təsərrüfatı, emal sənayesi, turizm və kiçik sahibkarlığın inkişafı doğma yurdlarına qayıdan insanların məşğulluğunun təmin edilməsinə, yerli iqtisadi fəallığın artmasına töhfə verə bilər.

Bu prosesin davamlılığı üçün dövlət investisiyalarının özəl sektorun fəallığı, sahibkarlıq təşəbbüsləri və yerli insan resurslarının inkişafı ilə tamamlanması vacibdir. Yeni müəssisələrin yaradılması, peşə hazırlığı imkanlarının genişləndirilməsi, kənd təsərrüfatı və turizm potensialından səmərəli istifadə edilməsi regionda iqtisadi həyatın canlanmasına xidmət edəcək. Əsas məqsəd yalnız yeni binalar tikmək deyil, həmin məkanlarda insanların yaşamaq, işləmək, təhsil almaq və gələcək planlarını həyata keçirmək istədikləri müasir yaşayış mühiti formalaşdırmaqdır.

İnsan kapitalı və təhsilin strateji əhəmiyyəti

İşğaldan azad edilmiş ərazilərin uzunmüddətli inkişafı infrastrukturla yanaşı, insan kapitalının gücləndirilməsindən də asılıdır. Məktəblərin, universitetlərin, peşə təhsili müəssisələrinin, səhiyyə və mədəniyyət obyektlərinin fəaliyyəti yeni yaşayış məntəqələrinin dayanıqlı inkişafı üçün vacib şərtlərdir. Bu baxımdan Qarabağ Universitetinin Xankəndidə fəaliyyətə başlaması xüsusi əhəmiyyət daşıyır. Universitet regionun ehtiyaclarına uyğun yüksəkixtisaslı kadrların hazırlanmasına, elmi və innovativ mühitin formalaşmasına, gənclərin doğma torpaqlarla bağlarının möhkəmlənməsinə xidmət edə bilər.

Təhsil müəssisəsinin inkişafı yalnız mütəxəssis hazırlığı ilə məhdudlaşmamalıdır. Universitet elmi araşdırmaların, yeni texnologiyaların, sahibkarlıq ideyalarının və yaradıcı təşəbbüslərin təşviq olunduğu mərkəzə çevrilməlidir. Regionun tarixi, mədəniyyəti, təbii resursları, şəhərsalma və iqtisadi inkişaf imkanları ilə bağlı tədqiqatların aparılması gələcək qərarların daha əsaslandırılmış şəkildə qəbul edilməsinə kömək edə bilər. Bu yanaşma Qarabağın bərpasını yalnız tikinti prosesi deyil, bilik və innovasiya üzərində qurulan inkişaf modeli kimi möhkəmləndirər.

Gənclər – Zəfər irsinin daşıyıcısı və gələcəyin qurucuları

Zəfər tarixinin ən mühüm qəhrəmanları sırasında Azərbaycan gəncliyinin xüsusi yeri var. Vətən müharibəsində iştirak edən gənclərimiz cəsarət, fədakarlıq, vətənpərvərlik və yüksək məsuliyyət nümunəsi göstərdilər. Onların qəhrəmanlığı sübut etdi ki, milli dəyərlərə bağlılıq, Vətənə sədaqət və ümumi məqsəd ətrafında birləşmək xalqın ən böyük güc mənbələrindəndir. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin göstərdiyi şücaət gənc nəslin yaddaşında daim yaşamalı, bu dəyərlər gündəlik həyat və fəaliyyətlə davam etdirilməlidir.

Bu gün Azərbaycan gəncliyinin qarşısında yeni dövrün tələblərinə uyğun məsuliyyətli vəzifələr dayanır. Vətənə xidmət anlayışı artıq yalnız hərbi xidmət və döyüş meydanında qəhrəmanlıqla məhdudlaşmır. Elm və təhsil sahəsində uğur qazanmaq, müasir texnologiyalara yiyələnmək, innovativ layihələr hazırlamaq, sahibkarlıq təşəbbüsləri göstərmək, ictimai həyatda fəal iştirak etmək və ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə vermək də müasir vətəndaşlıq məsuliyyətinin mühüm istiqamətləridir. Güclü Azərbaycanın gələcəyi bilikli, bacarıqlı, təşəbbüskar və milli dəyərlərə bağlı gənclərin yetişməsindən birbaşa asılıdır.

İşğaldan azad edilmiş ərazilərin gələcək inkişafında gənclərin potensialından səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır. Bu ərazilərdə yaradılan yeni təhsil, məşğulluq və sahibkarlıq imkanları gənclərin regiona qayıdışını və burada öz gələcəklərini qurmasını təşviq etməlidir. Gənc mütəxəssislərin müxtəlif sahələrdə fəaliyyət göstərməsi, yeni biznes təşəbbüslərinin reallaşdırılması, rəqəmsal həllərin tətbiqi və könüllülük fəaliyyətinin genişlənməsi Qarabağın sosial-iqtisadi həyatına əlavə dinamika qazandıracaqdır.

Müasir dövrdə rəqəmsal bacarıqlar, süni intellekt, informasiya texnologiyaları, mühəndislik və yaradıcı sənayelər gənclər üçün yeni imkanlar açır. Qarabağ və Şərqi Zəngəzurun müasir şəhərsalma, ağıllı infrastruktur və rəqəmsal xidmətlər əsasında inkişafı bu sahələrdə bilikli gənclərin iştirakını daha da aktuallaşdırır. Gənclərin innovativ düşüncəsinin dəstəklənməsi, startap və layihə təşəbbüslərinə şərait yaradılması regionun gələcək inkişafına mühüm töhfə verə bilər.

Bununla yanaşı, gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişməsi, tarixi yaddaşın qorunması və vətənpərvərlik hisslərinin gücləndirilməsi daim diqqətdə saxlanılmalıdır. Zəfər tarixinin gənclərə çatdırılması yalnız dərsliklər və rəsmi tədbirlərlə məhdudlaşmamalı, onların maraqlarına uyğun müasir və interaktiv üsullarla həyata keçirilməlidir. Tarixi məkanlara ekskursiyalar, şəhid ailələri və qazilərlə görüşlər, sənədli film nümayişləri, intellektual yarışlar, debatlar, yaradıcılıq müsabiqələri və idman tədbirləri gənclərin tarixi hadisələri daha dərindən dərk etməsinə imkan yaradır.

Gənclərin sosial şəbəkələrdə və rəqəmsal platformalarda fəallığı da bu istiqamətdə mühüm vasitədir. Onlar müasir kommunikasiya imkanlarından istifadə etməklə Azərbaycanın tarixi həqiqətlərini, Zəfər salnaməsini, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini və milli-mədəni irsimizi daha geniş auditoriyaya çatdıra bilərlər. Bu fəaliyyət informasiya mühitində milli maraqların müdafiəsinə, tarixi yaddaşın qorunmasına və ölkəmizin müsbət imicinin möhkəmlənməsinə töhfə verə bilər.

Milli yaddaş, idman və ictimai fəallıq

Zəfər irsinin yaşadılmasında idmanın və kütləvi bədən tərbiyəsinin də mühüm rolu var. Vətənpərvərlik məzmunlu idman yarışları, turnirlər və kütləvi tədbirlər gəncləri bir araya gətirməklə yanaşı, milli birlik və həmrəylik duyğularını gücləndirir. Şəhidlərimizin xatirəsinə həsr olunan yarışlar, Zəfər Günü və digər əlamətdar tarixlərlə bağlı idman layihələri tarixi yaddaşın gənclər arasında təbliğinin təsirli vasitələrindəndir.

Könüllülük fəaliyyəti də gənclərin ictimai məsuliyyətinin formalaşmasına mühüm töhfə verir. Xüsusilə Böyük Qayıdış prosesinin ictimai dəstəklə müşayiət olunması, yeni yaşayış məntəqələrində sosial əlaqələrin möhkəmləndirilməsi və mədəni həyatın canlandırılması baxımından gənclərin könüllü təşəbbüsləri əhəmiyyətli ola bilər.

Gələcəyə məsuliyyət və yeni inkişaf hədəfləri

Zəfərdən sonrakı dövr Azərbaycanın qarşısında yeni strateji hədəflər müəyyənləşdirib. İşğaldan azad edilmiş ərazilərin bərpa işlərinin davam etdirilməsi, Böyük Qayıdışın davamlılığının təmin olunması, regionların iqtisadi potensialının reallaşdırılması və insan kapitalının inkişafı bu hədəflərin əsas istiqamətlərindəndir. Bu prosesdə dövlətin həyata keçirdiyi investisiya və infrastruktur layihələri ilə yanaşı, özəl sektorun, təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin və gənclərin fəal iştirakı da vacibdir.

Qarabağ və Şərqi Zəngəzurun ölkənin digər iqtisadi mərkəzləri ilə nəqliyyat, enerji və rəqəmsal infrastruktur vasitəsilə əlaqələndirilməsi regionun ümumi iqtisadi sistemə inteqrasiyasını gücləndirir. Bununla yanaşı, tarixi abidələrin, mədəni irsin və qədim yaşayış məkanlarının qorunması bərpa prosesinin ayrılmaz hissəsi olmalıdır. Müasir şəhərsalma yanaşmaları ilə tarixi kimliyin qorunması arasında tarazlığın təmin edilməsi gələcək nəsillərə həm müasir, həm də öz tarixi köklərinə bağlı yaşayış məkanları ötürmək baxımından əhəmiyyətlidir.

Gənclər bu yeni inkişaf mərhələsinin həm iştirakçısı, həm də gələcək nəticələrinin əsas daşıyıcılarıdır. Onların ölkənin tarixinə, dövlətçilik ənənələrinə və milli dəyərlərinə bağlılığı müasir bilik və bacarıqlarla tamamlanmalıdır. Vətənə sevgi yalnız sözlə deyil, gündəlik fəaliyyət, məsuliyyətli vətəndaş mövqeyi, peşəkarlıq, dürüstlük və cəmiyyətə fayda vermək istəyi ilə təsdiqlənir. Hər bir gəncin öz sahəsində əldə etdiyi uğur ümumi inkişafın bir hissəsinə çevrilir.

8 Noyabr – Zəfər Günü bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlətçilik və xalqın iradəsi böyük hədəflərə çatmağın əsas şərtləridir. Bu tarixi Qələbə keçmişə qürurla baxmaq üçün əsas olmaqla yanaşı, gələcəyə daha böyük məsuliyyətlə yanaşmağı da tələb edir. Şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın ən layiqli ifadəsi onların uğrunda canlarından keçdikləri Vətəni daha da gücləndirmək, inkişaf etdirmək və gələcək nəsillərə firavan ölkə kimi ötürməkdir.

Qarabağda həyat yenidən canlanır, ailələr doğma yurdlarına qayıdır, məktəblərdə təhsil davam edir, universitetlərdə yeni bilik və ideyalar formalaşır, şəhər və kəndlər müasir inkişaf yoluna qədəm qoyur. Bu mənzərə Zəfərin yalnız tarixi hadisə olmadığını, eyni zamanda yeni quruculuq və inkişaf dövrünün başlanğıcı olduğunu göstərir. Zəfər keçmişimizin qüruru, bu günümüzün gücü və gələcəyimizin məsuliyyətidir. Həmin gələcəyin qurulmasında isə milli ruhu, biliyi, təşəbbüskarlığı və vətənə bağlılığı ilə seçilən Azərbaycan gəncliyi aparıcı qüvvələrdən biri olmalıdır.

Məcid SEYİDOV 

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, 

nazir müavini,  “Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri 

Naxçıvan Muxtar Respublika Təşkilatı” İctimai Birliyinin sədri