Gənc alimdən ingilis dilini öyrənmək istəyənlərə metodik töhfə

Gənc alimdən ingilis dilini öyrənmək istəyənlərə metodik töhfə

06 Oktyabr 2026

Azərbaycanın ən inkişaf edən ali təhsil olcaqlarından biri olan Naxçıvan Dövlət Universitetində tədris istiqamətləri üzrə monoqrafiya, dərslik və dərs vəsaitlərinin hazırlanıb nəşr edilməsi işi də ardıcıl olaraq diqqət mərkəzində saxlanlır və çoxsaylı yeni töhfələr verilir. İngilis dili iistiqaməti üzrə nəşr edilmiş növbəti monoqrafiya və dərs vəsaiti də bu səpkidəndir. Çap edilən yeni nəşrlərin müəllifi Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sərcan Sadiqovadır. S.Sadiqovanın müəllifi olduğu “İngilis dilində say tərkibli frazeoloji birləşmələr: struktur və mədəni aspektlər” adlı monoqrafiyası mövzu və problem baxımdan olduqca vacib, əhəmiyyətli və ümdədir. Belə ki, monoqrafiyada dilin lüğət tərkibində xüsusi yer tutan, nitq prosesində istifadə ehtiyacı daşıyan say tərkibli frazeoloji birləşmələrin həm struktur, həm də mədəni aspektlər baxımından araşdırılması, təhlil və tədqiq edilməsi dilçilik və tədris qarşısında duran vacib məsələlərdəndir. Monoqrafiyanın elmi redaktoru və ön sözünün müəllifi filologiya elmləri doktoru, professor İlham Tahirovdur. Monoqrafiya filologiya elmləri doktoru, professor Sədaqət Həsənova və filologiya üzrə fəlsəfə doktoru Rəcəb Cəfərovun rəyləri əsasında çap edilmişdir. Monoqrafiya üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 

Monoqrafiyanın konkret elmi istiqamət və mövzu-problem sahəsi üzrə aktuallığını dəyərlərndirən elmi redaktor professor İlham Tahirov “Ön söz”də yazmışdır: “Müasir dilçilik elminin aparıcı istiqamətlərindən biri frazeologiyanın öyrənilməsidir. Frazeoloji vahidlərin semantik və kulturoloji aspektlərinin tədqiqi yalnız dilin daxili sistemini deyil, həm də xalqın tarixi yaddaşını milli kimliyini və mədəni kodlarını üzə çıxarmağa imkan verir. Qloballaşan dünyamızda dil və mədəniyyətin qarşılıqlı əlaqəsinin daha da güclənməsi, frazeoloji vahidlərin həm kommunikativ, həm də konseptual səviyyədə öyrənilməsini zəruri edir” . 

Dörd paraqrafdan ibarət olan “Frazeologiyada kəmiyyət kateqoriyasının tədqiqininin elmi-nəzəri məsələləri” adlanan birinci fəsildə “Kəmiyyət kateqoriyasının məntiqi və linqvistik əlaqəsi”, “Sayların məna strukturunda miqdar və kəmiyyət anlayışı”, Sayların simvolikasının linqvokulturoloji aspekti , “Say tərkibli frazelogizmlərin dünyanın frazeoloji mənzərəsində yeri” kimi problem məsələlər öyrənilmişdir.

İki paraqraf və iki bənddən ibarət olan ikinci fəsil “İngilis dilinin say tərkibli frazeologizmlərin struktur-semantik təhlili” adlanır. Bu fəsildə İngilis dilində “miqdar saylarının işləndiyi frazeoloji birləçmələr”, sadə miqdar saylarının işləndiyi frazeoloji birləşmələr, mürəkkəb və tərkibi sayların işləndiyi frazeoloji birləşmələr, sıra saylarının işləndiyi frazeoloji birləşmələr tədqiqata cəlb edilmiş, maraqlı və özünəməxsus təhlillər aparılmış, əhəmiyyətli elmi nəticələr ortaya qoyulmuşdur.

“İngilis dilində say tərkibli frazeologizmlərin diskursiv təhlili” adlanan üçüncü fəsil dörd paraqrafdan ibarətdir. Bu fəsildə tədqiqatçı İngilis dilində say tərkibli frazeoloji birləşmələrin tematik təhlilini həyata keçirir, frazeoloji birləşmələrdə kəmiyyət komponentinin dəyərləndirilməsi, habelə say tərkibli frazeoloji birləmlərin mətndaxili qiymətləndiriciliyinin müəyyənləşdirilməsi və say tərkibli frazeoloji birləşmələrin işlənmə tezliyi öyrənilir. 

Monoqrafiyanın “Nəticə” hissəsində fəsillər və paraqraflar daxilində aparılmış tədqiqatların nəticələri ümumiləşdirilərək ifadə edilmişdir.

Əsər xüsusi əhəmiyyətə malikdir. Hər bir dilin ifadəliliyi və dəqiqliyinin ilkin şərti məhz onun frazeoloji – sabit birləşmələrindədir. Bu kimi ifadə üslubu fikrin qanadlı, dərin, təsirli və dəqiq ifadəsi baxımdan mühüm rol oynayır. Buna görə də əsər ingilis dilini öyrənən tələbələr, tərcüməçilər, habelə dilin tədrisi ilə məşğul olan müəllimlər, tədqiqatçılar üçün vacib mənbədir. Xüsusilə tərcümə sahəsində bu əsərin və burada əldə edilən elmi nəticələrin xüsusi əhəmiyyət kəsb etdiyini məxsusi olaraq vurğulamalayıq. Fikrin antonimlik və ya sinonimlik daxilində ifadəsi, tam qarşılığının təqdim edilməsi və beləcə fikrin dəqiq ifadə edilməsi baxımından frazeoloji birləşmələrdən təcrübi faydalanma əhəmiyyətli bir yola malikdir ki, bu əsər məhz qeyd edilən məqsədlər üçün qiymətli mənbədir.  

Çox əhəmiyyətlidir ki, müəllif bununla kifayətlənməyərək əsərin başlıca məqsədini daha təcrübi, faydalı və işlək etmək məqsədilə lüğət də tərtib etmişdir. Müəllifin hazırladığı “İngiliscə-Azərbaycanca say tərkibli frazeoloji birləşmələr lüğəti” metodik dərs vəsaiti İngilis və Azərbaycan dillərinin öyrənilməsində çox əhəmiyyətli bir mənbə olaraq diqqəti cəlb edir. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Məmmədova, rəyçiləri dosent Şirməmməd Qulubəyli və filologiya üzrə fəlsəfə doktoru Cavid Babayevdir. Əsərin girişində deyildiyi kimi: “Müasir dilçilikdə say komponentli frazeoloji vahidlərin ayrıca toplanması və sistemli şəkildə lüğət formatında verilməsi xüsusi elmi əhəmiyyət kəsb edir”. 

Lüğətdə söz birləşmələri və ya idiomatik birləşmələr əlifba sırası ilə əvvəlcə manası ilə birlikdə təqdim edilmiş, sonra cümlə daxilində işlənmiş müxtəlif nümunələrlə daha təcrübi olaraq mənimsədilməsi nəzərdə tutulmuşdur. Nümunələrin müxtəlif – İngilis və Azərbaycan dillərində  qarşılıqlı şəkildə təqdim edilməsi və işlənmə modellərinin cümlə nümunələrindəki işlənmə variantlarının təqdimi örnəyin məna və işlənmə forması baxımından daha aydın mənimsənilməsini gücləndirir. “A beaten man is worth two unbeaten men – Bir əlin nəyi var, iki əlin səsi var, və yaxud ağıl ağıldan ötkəmdir”, “Among the blind one-eyed is king – Ast olmayan yerdə eşşək də atdır”, “A game that two can play – Cücəni payızda sayarlar”, “An old friend better than two new ones – Hər şeyin təzəsi, dostun köhnəsi”, “(As) like as two peas (in a pod) – Bir almanın yarısı, burnundan düşmək”, “A stitch in time saves nine – Bu günün işini sabaha qoyma”, “Be six of one and half a dozen of the other  – Keçəl Həsən, ya Həsən Keçəl”, “Cousin seven times removed – Eşşəyimiin/ itimin qurd dayısı”, “Chose between two ewils the least – Zərərin yarısından qayıtmaq da xeyirlidir”, “First catch your hare – Əvvəl arxı keç, sonra bərəkallah de” və s. kimi nümunələr kitabda təqdim edilən idiomatik söz birləşmələri və cümlə modellərinin qarşılıqlı olaraq öyrənilməsinin əhəmiyyətini və vəsaitin bu sahədəki böyük rolunu diqqətə çatdırır. Əsərin həm də əhəmiyyəti ordadır ki, konkret nümunələr fonunda iki xalqın idiomatik ifadələri nümunəsində düşüncə və ifadə tərzləri ortaya qoyulmuş, milli, mədəni, tarixi məsələləri dəyərləndirməyi ehtiyaca çevirmişdir. Millilik və dilçilik aspektindən məsələlərin izahı və öyrənilməsi üçün hər iki əsər xüsusi əhəmiyyətilə seçilir.

Beləliklə, gənc alim, Naxçıvan Dövlət Universitetinin istedadlı müəllimi Sərcan Sadiqovanın nəşr etdirdiyi “İngilis dilində say tərkibli frazeoloji birləşmələr: struktur və mədəni aspektlər” adlı monoqrafiyası və “İngiliscə-Azərbaycanca say tərkibli frazeoloji birləşmələr lüğəti” metodik dərs vəsaiti öz sahəsində sanballı, əhəmiyyətli və işlək əsərlər olaraq istifadəçilərin dərin marağıənı qazanacaq və böyük töfhələrlə yadda qalacaqdır.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya elmləri doktoru, dosent