İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
Azərbaycan və Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Prezident qeyd edib ki, 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib:
"Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. İşğaldan azad edilmiş Füzuli rayonunda "Dostluq bağı" adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin "Chevrolet" və "Isuzu" markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə "Chevrolet" markalı 10 min 720 avtomobil və "Isuzu" markalı 275 avtobus istehsal edilib".
İlham Əliyevin sözlərinə görə, hazırda Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib və onlar müxtəlif iqtisadi sektorlarda - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər:
"Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir".








