Prezident: Azərbaycan ilə Özbəkistan arasında TDT çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir

Prezident: Azərbaycan ilə Özbəkistan arasında TDT çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir

21 Avqust 2026

Azərbaycan və Özbəkistanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir:

"Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı.

Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir".

İlham Əliyev əlavə edib ki, Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.