Naxçıvanda barama istehsalı 2,8 tona çatıb
Muxtar respublikada baramaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2024-cü ildə 30 qutu ipəkqurdu toxumundan 1119 kiloqram, 2025-ci ildə isə 40 qutudan 1757 kiloqram yaş barama istehsal olunub. 2026-cı ildə Qax rayonundan gətirilən 50 qutu ipəkqurdu toxumu 32 kümçüyə paylanılıb. Nəticədə 2880 kiloqram yaş barama əldə edilib.
Bu il bir qutu toxum üzrə orta məhsuldarlıq 57,6 kiloqram təşkil edib. Bu göstərici ötən ilki 43,9 kiloqramla müqayisədə 31,1 faiz çoxdur.
İstehsal olunan yaş barama emal üçün Şəkidə yerləşən “Azərİpək” ASC-yə göndərilib.
Baramaçılığın inkişafının stimullaşdırılması məqsədilə dövlət tərəfindən 32 kümçüyə ümumilikdə 16 min 261 manat 20 qəpik subsidiya ödənilib. Bununla yanaşı, şirkət tərəfindən istehsal olunan məhsula görə kümçülərə 13 min 622 manat 24 qəpik vəsait verilib. Beləliklə, 32 kümçüyə ümumilikdə 29 min 883 manat 44 qəpik ödəniş həyata keçirilib.
Əldə olunan nəticələr göstərir ki, baramaçılığın inkişafı muxtar respublikanın kənd yerlərində məşğulluğun və ailə gəlirlərinin artırılmasına mühüm töhfə verir.
Qarşıdakı dövrdə əsas məqsəd məhsuldarlığın daha da artırılması və baramaçılığın əhatə dairəsinin genişləndirilməsidir.








