Naxçıvana turist səfərlərinin təşkili asanlaşdırılacaq

Naxçıvana turist səfərlərinin təşkili asanlaşdırılacaq

20 Avqust 2026

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasına turist səfərlərinin təşkili ilə bağlı xüsusi tədbirlər nəzərdə tutulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramına əsasən, 2026–2028-ci illərdə Naxçıvana turist səyahətlərinin təşkil edilməsi şərtlərinin asanlaşdırılması istiqamətində işlər həyata keçiriləcək.

Proqram çərçivəsində turoperatorlar tərəfindən Bakı–Naxçıvan–Bakı istiqamətində qeyri-müntəzəm (çarter) uçuşların həyata keçirilməsi şərtlərinin müəyyən edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, turoperatorlara turizm zərfinin satışı şərtilə Bakı–Naxçıvan–Bakı reysi üzrə biletlərin sifarişini təmin edən xüsusi satış modelinin hazırlanması planlaşdırılır.

Bu tədbirlərin həyata keçirilməsi nəticəsində Naxçıvana turist səfərlərinin təşkili üçün mövcud şərtlərin daha da asanlaşdırılması və turizm imkanlarından istifadənin genişləndirilməsi gözlənilir.

Tədbirin icrasına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, AZCON və AZAL cəlb olunacaq.