İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsaslar hansılardır?
Cavab: İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır:
1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi;
2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması;
3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar.
Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır.
İXM-nin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və İXM-nin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı








