Kəngərli rayonunda kompleks mülki müdafiə təlimi keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlimdə Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini polkovnik Ələsgər Ələsgərov, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, FHN-in aidiyyəti strukturlarının nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun nümayəndələri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də mülki müdafiə xidmətləri və ərazi dəstələri iştirak ediblər.
Əvvəlcə təlim üçün nəzərdə tutulan qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən FHN-in Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin rəisi polkovnik-leytenant Şərif Əsədov mülki müdafiə tədbirlərinin icra vəziyyəti, idarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin vacibliyi və fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində koordinasiyanın əhəmiyyətindən danışıb.
Daha sonra kompleks mülki müdafiə təliminə start verilib.
Təlimin əsas məqsədi fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı operativ və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işləri üzrə şəxsi heyətin praktiki vərdişlərinin artırılması olub.
Təlim zamanı şərti olaraq fövqəladə hadisə baş vermiş ərazidə kəşfiyyat işləri aparılıb, ərazi mühafizəyə götürülüb, giriş-çıxış məhdudlaşdırılıb, yanğınların söndürülməsi və partlayış baş vermiş obyektdə axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Eyni zamanda zərərçəkmişlərə ilkin tibbi yardım göstərilib, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri, əhalinin təhlükəsiz ərazilərə təxliyəsi və çadır şəhərciyində yerləşdirilməsi simulyasiya edilib.
Kompleks təlimə ümumilikdə 404 nəfər şəxsi heyət və 52 ədəd texnika cəlb olunub.
Tədbirin sonunda FHN qüvvələri ilə rayonun mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə təşkil olunduğu vurğulanıb və qarşıya qoyulan məqsədlərə nail olunduğu bildirilib.
Sonda Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən təlimdə fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim edilib.

















