
Məcid Seyidov Kəngərlidə vətəndaşları qəbul edib - FOTO
İyulun 17-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və qurumun məsul əməkdaşlarının iştirakı ilə Kəngərli rayonunun Qıvraq qəsəbəsində vətəndaşların müraciətlərinə baxılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, qəbuldan öncə Məcid Seyidov Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovla birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstəsi qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
İcra Hakimiyyətində reallaşan qəbul zamanı vətəndaşların müraciətləri əsasən, rayon ərazisində idman infrastrukturunun yenilənməsi, yeni məşq bölmələrinin yaradılması və universal idman zalının təmin olunması ilə bağlı olub.
Nazir müavini vətəndaşların diqqətinə çatdırıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq 2025-ci ilin sonunadək rayon mərkəzində sadə tipli açıq hava idman qurğularının quraşdırılması nəzərdə tutulub. Ötən il əsaslı təmir olunan minifutbol stadionundakı vəziyyətdən, eyni zamanda burada gənclərin sağlam həyat tərzinə təşviqi ilə bağlı öhdəliklərin icrasından məmnunluğunu ifadə edən nazir müavini vurğulayıb ki, prosesin təməlində vətəndaş müraciəti və sahibkara hüquqi-təşkilati məsələrdə göstərilən dövlət dəstəyi dayanır.
Bütün müraciətlərlə bağlı müvafiq qeydlər aparılıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq mövcud problemlərin həlli istiqamətində iş aparılacaqdır.