Mirzə Cəlil və Azərbaycan ədəbiyyatında yeniliklər

Mirzə Cəlil və Azərbaycan ədəbiyyatında yeniliklər

02 Sentyabr 2026

Bir səhər Azərbaycan torpağının üzərinə qəribə bir işıq yayıldı. Bu işıq nə günəşin doğuşundan, nə də uzaqdan gələn bir bahar nəfəsindən xəbər verirdi. Bu, sözün işığı idi. Söz ilk dəfə yalnız gözəllikdən danışmaq üçün deyil, cəmiyyətin yaralarını göstərmək, yuxuda olan vicdanı oyatmaq, susan insanın dilinə çevrilmək üçün meydana çıxmışdı. O sözün arxasında isə bir qələm dayanırdı — kəskin, narahat, düşündürücü və həqiqətə sədaqətli bir qələm. Bu qələm Mirzə Cəlil Məmmədquluzadənin qələmi idi.

Mirzə Cəlil Azərbaycan ədəbiyyatına yalnız yazıçı kimi gəlmədi. O, ədəbiyyatın qarşısında yeni yollar açdı. Onun yaradıcılığında gülüş bəzən göz yaşından daha ağır, sadə bir cümlə uzun bir nəsihətdən daha təsirli, adi bir insanın taleyi isə bütöv bir cəmiyyətin portretinə çevrilirdi. O, sözün rahatlığını pozdu, oxucunu düşündürdü, sual verməyə məcbur etdi. Çünki Mirzə Cəlilin ədəbiyyatı insanı sadəcə oxumağa deyil, oyanmağa çağırırdı.

Onun “Molla Nəsrəddin” jurnalında səsləndirdiyi əsas ideyalardan biri də məhz bu idi: cəmiyyət öz eyiblərinə kənardan baxmağı bacarmalıdır. Mirzə Cəlil yazırdı: “Molla Nəsrəddin xalqın aynasıdır.” Bu fikir jurnalın və bütövlükdə Mollanəsrəddinçi ədəbi məktəbin mahiyyətini ifadə edən mühüm prinsiplərdən birinə çevrildi. Ədəbiyyat artıq yalnız sarayların, qəhrəmanların və romantik hisslərin dili deyildi; küçədə yaşayan adi insanın, kəndlinin, müəllimin, qadının, uşağın, savadsız və yoxsul adamın da dili idi.

Mirzə Cəlilin Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər, ilk növbədə, realist dünyagörüşünün daha da dərinləşdirilməsi ilə bağlıdır. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində ciddi sosial, siyasi və mədəni dəyişikliklər baş verirdi. Milli oyanış, maarifçilik, qadın azadlığı, təhsil, ana dili və ictimai gerilik kimi məsələlər ədəbiyyatın əsas mövzularına çevrilirdi. Mirzə Cəlil bu prosesin ən qüdrətli ədəbi ifadəçilərindən biri oldu.

Onun yaradıcılığında tənqidi realizm xüsusi yer tutur. Tənqidi realizm yalnız həyatın təsvirini verməklə kifayətlənmir; o, cəmiyyətin problemlərini göstərir, onların səbəblərini düşündürür və dəyişiklik ehtiyacını ortaya qoyur. Mirzə Cəlilin əsərlərində də həyat olduğu kimi təqdim edilir, lakin bu təsvirin arxasında güclü ictimai mövqe dayanır. Yazıçı geriliyi, xurafatı, nadanlığı, savadsızlığı və sosial ədalətsizliyi satirik gülüş vasitəsilə ifşa edirdi.

Bu baxımdan “Poçt qutusu”, “Usta Zeynal”, “Danabaş kəndinin əhvalatları”, “Anamın kitabı”, “Ölülər” kimi əsərlər Azərbaycan ədəbiyyatında yeni bədii mərhələnin nümunələridir. Xüsusilə “Ölülər” əsərində cəmiyyətin mənəvi passivliyi və düşüncə böhranı satirik-fəlsəfi səviyyədə ümumiləşdirilir. İsgəndər obrazı vasitəsilə yazıçı öz dövrünün ictimai problemlərinə etiraz edən, düşünən və sual verən insan tipini yaradır.

Mirzə Cəlilin yeniliklərindən biri də xalq danışıq dilini ədəbi yaradıcılığın mühüm vasitəsinə çevirməsi idi. O, süni və ağır ifadələrdən uzaqlaşaraq canlı danışıq dilindən istifadə edir, obrazların xarakterini onların nitqi vasitəsilə açırdı. Bu xüsusiyyət onun əsərlərinin xalq tərəfindən asanlıqla başa düşülməsinə və geniş yayılmasına imkan verdi. Beləliklə, ədəbi dil ilə xalq dili arasındakı məsafənin azalmasına mühüm təsir göstərdi.

Mirzə Cəlil üçün dil yalnız ünsiyyət vasitəsi deyildi. Dil milli varlığın əsas dayaqlarından biri idi. “Molla Nəsrəddin” səhifələrində ana dilinin qorunması, savadlanma və milli şüurun formalaşması məsələləri ardıcıl şəkildə gündəmə gətirilirdi. Jurnalın özü də Azərbaycan mətbuatında yeni bir üslub yaratdı. Satirik məqalə, felyeton, karikatura, dialoq və publisistik yazı bir araya gətirilərək oxucuya həm düşündürücü, həm də emosional təsir göstərən yeni bir mətbuat modeli formalaşdırıldı.

“Molla Nəsrəddin”in əhəmiyyəti yalnız Azərbaycanla məhdudlaşmırdı. Jurnal Qafqazın və bütövlükdə Şərq müsəlman dünyasının sosial-mədəni problemlərinə münasibət bildirirdi. Onun satirik dili milli sərhədləri aşaraq ümumi Şərq geriliyinin, fanatizmin və savadsızlığın tənqidinə çevrilirdi. Bu səbəbdən Mirzə Cəlil və onun ətrafında formalaşan Mollanəsrəddinçi ədəbi məktəb Azərbaycan ədəbiyyatının modernləşmə prosesində mühüm rol oynadı.

Yazıçının yaradıcılığında qadın məsələsi də xüsusi əhəmiyyət daşıyır. O dövrdə qadının təhsildən, ictimai həyatdan və sərbəst düşüncədən uzaq saxlanılması ciddi sosial problemlərdən biri idi. Mirzə Cəlil qadının savadsızlığını və hüquqsuzluğunu yalnız ailə problemi kimi deyil, bütöv cəmiyyətin inkişafına mane olan amil kimi təqdim edirdi. “Anamın kitabı” əsərində milli birlik, ana dili və mənəvi bütövlük məsələləri ilə yanaşı, ailə və cəmiyyət münasibətləri də yeni baxışla işlənmişdir.

Mirzə Cəlilin yenilikçi fəaliyyəti onun obraz yaratma prinsipində də özünü göstərir. Ədəbiyyatda əvvəllər daha çox idealizə edilən və ya yüksək sosial təbəqələrə aid qəhrəmanların əvəzinə, o, adi insanı əsərin mərkəzinə gətirdi. Onun qəhrəmanları həyatdan gəlirdi. Onlar danışır, yanılır, gülünc vəziyyətə düşür, bəzən düşünür, bəzən isə düşünməkdən imtina edirdilər. Lakin məhz bu adi insanlar vasitəsilə yazıçı böyük ictimai həqiqətləri göstərirdi.

Mirzə Cəlilin satirasının gücü də buradan qaynaqlanır. Onun gülüşü sadəcə əyləndirmir. Bu gülüşün arxasında ağrı var. Yazıçı gülərək düşündürür, düşündürərək narahat edir. Bəzən bir obrazın cəhaləti, bir kəndin savadsızlığı, bir ailənin faciəsi bütöv bir xalqın taleyi haqqında düşünməyə vadar edir. Bu mənada Mirzə Cəlilin satirası həm bədii, həm də ictimai funksiyaya malikdir.

Azərbaycan ədəbiyyatında yeniliklərdən danışarkən Mirzə Cəlilin irsini yalnız müəyyən bir dövrün hadisəsi kimi qiymətləndirmək doğru olmaz. Onun yaratdığı ədəbi ənənə sonrakı nəsillərə də ciddi təsir göstərmişdir. Ədəbiyyatın cəmiyyət qarşısında məsuliyyəti, xalq dilinə yaxınlıq, sosial problemlərə münasibət, satirik düşüncə və milli özünüdərk kimi məsələlər Azərbaycan ədəbiyyatının sonrakı inkişafında da öz əksini tapmışdır.

Mirzə Cəlilin böyüklüyü həm də ondadır ki, o, öz dövrünün problemlərini yazarkən gələcək nəsillərlə danışmağı bacarmışdır. Onun əsərlərində təsvir olunan bəzi problemlər zamanla dəyişsə də, cahillik, biganəlik, düşüncəsizlik və həqiqətdən qaçmaq kimi mənəvi məsələlər öz aktuallığını qoruyur. Buna görə Mirzə Cəlilin əsərləri yalnız tarixi sənəd deyil, həm də insan və cəmiyyət haqqında düşünməyə imkan verən canlı sənət nümunələridir.

Beləliklə, Mirzə Cəlil Azərbaycan ədəbiyyatında yeniliyin yalnız müəllifi deyil, onun böyük memarlarından biridir. O, ədəbiyyatı həyatın içinə gətirdi, xalqın səsini yazıya çevirdi, gülüşü ictimai etirazın gücünə yüksəltdi. Onun qələmi ilə Azərbaycan nəsri daha realist, daha milli, daha sosial və daha müasir bir istiqamət qazandı. “Molla Nəsrəddin” isə yalnız jurnal deyil, bir düşüncə məktəbi, bir milli oyanış tribunası oldu.

Və bu gün, illər keçəndən sonra Mirzə Cəlilin sətirlərinə yenidən baxanda qəribə bir həqiqətlə qarşılaşırıq: zaman dəyişir, amma insanın oyanmaq ehtiyacı dəyişmir. Onun gülüşündə bir xalqın kədəri, etirazında bir xalqın ümidi, sözündə isə gələcəyə uzanan bir yol yaşayır.

Mirzə Cəlilin qələmi bir vaxtlar mürgüləyən cəmiyyətin qapısını döydü.

O qapıdan əvvəlcə bir gülüş, sonra bir sual, sonra isə böyük bir həqiqət içəri girdi. Və söz oyandı. Söz oyandıqca insan düşündü, insan düşündükcə cəmiyyət dəyişdi.

Bu gün də Mirzə Cəlilin səsi uzaqdan gələn bir səs deyil -o, kitabın səhifəsindən bizə baxan, “Bəs sən nə düşünürsən?” deyə soruşan

narahat bir vicdanın səsidir. Çünki böyük ədəbiyyat zamanın içində doğulur, amma zamanın fövqündə yaşayır.

Zaman keçdi, ictimai quruluşlar dəyişdi, ədəbi zövqlər yeniləndi. Lakin Mirzə Cəlilin sözü öz mahiyyətini qorudu. Çünki həqiqəti söyləyən söz zamanla köhnəlmir. O söz hər yeni nəsildə yenidən oxunur, yenidən dərk edilir və yenidən insan qarşısında eyni məsuliyyətli sualı qoyur:

Cəmiyyət dəyişməlidirsə, bu dəyişiklik haradan başlamalıdır? 

Mirzə Cəlilin yaradıcılığının cavabı aydındır:

əvvəlcə düşüncədən, sonra sözdən, nəhayət, insandan.

Aytac KAMAL

muzey işçisi