Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan sahibkarlarına güzəştlər verilə bilər

Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan sahibkarlarına güzəştlər verilə bilər

02 Sentyabr 2026

Naxçıvanda istehsal olunan məhsulların Zəngəzur dəhlizi vasitəsilə ixracı ilə bağlı yeni iqtisadi mexanizmlər nəzərdən keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyevin 2 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramına mühüm dəyişiklik edilib.

Dövlət Proqramının yenilənmiş variantında ilk dəfə ayrıca olaraq qeyd edilir ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanlar yaranacaq.

Sənəddə bu imkanlardan istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacağı bildirilir.

Bununla yanaşı, sahibkarların daşıma xərclərinin optimallaşdırılması üçün məqsədli logistik dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Yeni yanaşmada müntəzəm yükdaşımaların təşkili və nəqliyyat marşrutlarının effektivliyinin artırılması da əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Sənəddə gözlənilən nəticə isə Naxçıvanda iqtisadi aktivliyin, məşğulluğun və ixracın artırılması, yerli istehsalın iqtisadiyyatda rolunun gücləndirilməsi kimi göstərilir.

Beləliklə, Dövlət Proqramında Zəngəzur dəhlizinin Naxçıvan üçün yalnız nəqliyyat bağlantısı deyil, ixrac və logistika imkanlarını genişləndirəcək iqtisadi mexanizm kimi qiymətləndirilməsi diqqət çəkir.