Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı 2 sentyabr 2026-cı il tarixində Sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, Dövlət Proqramında Naxçıvanın iqtisadi inkişafı, ixrac imkanları, nəqliyyat infrastrukturu, təhsil, sosial xidmətlər və yaşıllaşdırma istiqamətləri üzrə bir sıra müddəalar yenilənib.
Sənəddə xüsusilə Naxçıvanda istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışının sürətləndirilməsi nəzərdə tutulur. Yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və daşıma xərclərinin optimallaşdırılması məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmlərinin tətbiqi planlaşdırılır.
Dövlət Proqramının yenilənmiş müddəasına əsasən, müntəzəm yükdaşımaların təşkili və nəqliyyat marşrutlarının effektivliyinin yüksəldilməsi ixrac həcminin və məşğulluğun artırılmasına, həmçinin regionun işgüzar əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək.
Sərəncamda Zəngəzur dəhlizinin açılmasından sonra Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanların yaranacağı da qeyd olunur. Bu imkanlardan istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılması nəzərdə tutulur.
Bununla yanaşı, Dövlət Proqramında əhalinin nəqliyyat infrastrukturuna və nəqliyyat xidmətlərinə əlçatanlığının artırılması, təhsil müəssisələri ilə bağlı tədbirlərin genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarının sosial xidmətlərlə əhatəsinin artırılması və əhalinin fiziki fəallığı üçün şəraitin yaxşılaşdırılması ilə bağlı müddəalar yenilənib.
Yaşıllaşdırma və meşəsalma istiqamətində də dəyişiklik edilib. Yeni redaksiyaya əsasən, əsas hədəf yaşıllıq sahələrinin və meşə ilə örtülü ərazilərin artırılmasıdır.
Sərəncamla Dövlət Proqramının Tədbirlər Planında bir sıra tədbirlər ləğv edilib, bəzi tədbirlər üzrə isə əsas və digər icraçı qurumların tərkibinə dəyişikliklər edilib. Həmçinin sənədin “Akronimlər və ixtisarlar” hissəsindən “AZAL – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” ifadəsi çıxarılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.








