Bir stəkan diplomatiya

Bir stəkan diplomatiya

02 Sentyabr 2026

Su... Adi iki hərfdən ibarət sözdür. Ancaq dörd ünsürdən ən həyatverən nemət də elə sudur.

Diplomatik görüşlərdə masalarda qoyulan su şüşələri də bir təqdimat dilidir. Hansı ki, masada görünən sular sadəcə susuzluğu təmin etmək düşüncəsi aşılayır.

Kəlbəcərin məşhur "İstisu" yu Qırğızıstanın paytaxtı Bişkekdə İran prezidenti Məsud Pezeşkiana ölkə rəhbərimiz tərəfindən içməsi tövsiyə olundu. Dövlətlərin xarici siyasətinin mahiyyətini uzun bəyanatlardan daha aydın göstərən qısa səmimi anlar olur.

Masada Naxçıvan brendi "Badamlı" və "Sirab"la yanaşı "İstisu" da vardı. Azərbaycan Prezidenti iranlı həmkarına Naxçıvanın "Badamlı"sını və Kəlbəcərin "İstisu"yunu təqdim etdi, özü "İstisu"dan içdi və bu suyu həmkarına da təklif etdi. Bu ilk baxışda protokol çərçivəsində sadə bir jest kimi görünə bilər, amma diplomatiyanın incə tərəfi də elə bundadır: bəzən siyasi məna birbaşa deyil, simvollar vasitəsilə ifadə olunur. "İstisu" Kəlbəcərin, "Badamlı" və "Sirab" isə Naxçıvanın yaddaşını daşıyır. Biri qərbdə, digəri isə əsas hissədən ayrı coğrafi məkanda yerləşən bu bölgələrin məhsullarının  görüş masasında birlikdə qoyulması coğrafiyanın xəritədən çıxaraq diplomatik təqdimata çevrilməsinin zərif nümunəsi idi.  Bəzən dövlətin siyasi imici öz torpağının suyunu dünyanın başqa bir paytaxtında başqa bir ölkənin liderinə təqdim edə bilmə bacarığında da görünür. Budur diplomatik jest. Və ya incə diplomatiya.

Bişkekdəki diplomatik mənzərə rəsmi görüşlərlə yanaşı, həm də Türk dünyasının ortaq köklərini birləşdirən mədəni tədbirlərlə də diqqət mərkəzinə çevrildi. Paytaxtda keçirilən 6-cı dünya köçəri oyunları xalqların qədim ənənələrinin yaşadılması və mədəni yaxınlaşma baxımından çoxşaxəli məkan oldu. Eyni zamanda, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində fəal təmsil olunması ölkəmizin geniş bölgədə qarşılıqlı əməkdaşlığa verdiyi önəmi də bir daha göstərdi.

Torpaq üzərində mübahisə etməkdən daha çətin olan həmin torpaqda gələcək qurmaqdır. Azərbaycan üçün Böyük Zəfərdən sonra altı ildir əsas məsələ də məhz budur: Qarabağın və Şərqi Zəngəzurun adlarını daha müharibə ilə deyil, inkişafla və həyatla bağlamaq. Kəlbəcəri yalnız keçmişin ağrısı kimi deyil, "İstisu" ilə, turizmlə, quruculuqla və abad yurdlarına qayıdan insanlarla təqdim etmək. Naxçıvanı yalnız tarixin blokada ərazisi deyil, regional nəqliyyat və iqtisadi əlaqələrin mühüm halqası kimi göstərmək. Azərbaycanı dünyaya enerji, nəqliyyat, iqlim, mədəniyyət və çoxtərəfli diplomatiya gündəliyinin iştirakçısı kimi təqdim etmək. Bütün bunların arxasında bir strateji məntiq dayanır: gücü qarşıdurmadan əməkdaşlığa çevirmək.

Öz milli maraqlarından geri çəkilmədən dialoq üçün nə qədər geniş məkan yarada bilməsi dövlətlərin həqiqi gücünü göstərən mühüm amildir. Çünki bir dövlətin regional çəkisi yalnız hərbi potensialı ilə müəyyən edilmir. Onun çəkisi həm də neçə ölkə ilə danışa bildiyi, neçə platformada sözünü eşitdirə bildiyi, hansı iqtisadi və nəqliyyat layihələrinin mərkəzində dayandığı və müxtəlif maraqları hansı səviyyədə uzlaşdıra bildiyi ilə ölçülür.

Azərbaycan isə öz haqlı hüquqlarına və sülh yoluna sadiq qalaraq irəliləyir. Elə Bişkek səfəri  də bu nümunəni bir daha göstərdi: əsl siyasət səmimi jestlər, qarşılıqlı etimad və su kimi duru, təmiz niyyətlərlə qurulur. 

Bişkekdə səsləndirilən sülh və sabitlik mesajları fonunda yaranan iqtisadi perspektivlər bəzi “küçə rəssamlarında” boya pulunun kəsiləcəyi qorxusu yaradır. Ancaq onlar bir məqamı unudurlar: sülhün yoluna “süni daş” qoyanlara göz yumanların evində belə, yeməklər məhz Azərbaycan qazı ilə bişir.

Əfruz İBRAHİMQIZI

jurnalist