Naxçıvan Dövlət Texniki Kolleci və Iğdır MEV Anadolu Lisesi arasında yeni əməkdaşlıq mərhələsi başlanıb
4–5 dekabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kolleci ilə Iğdır Milli Eğitim Vakfı Anadolu Lisesi arasında imzalanmış beynəlxalq “Qardaş məktəb” layihəsi çərçivəsində yeni əməkdaşlıq mərhələsi həyata keçirilib. Səfərdə kollecin rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, kollec nümayəndələri Iğdırda təhsil strategiyaları, pedaqoji əməkdaşlıq və birgə layihələrlə bağlı görüşlər keçirib, tələbələr isə lisey şagirdləri ilə birgə mədəni və sosial proqramlarda iştirak ediblər. Naxçıvanlı tələbələrin rəqs və bədii kompozisiyalardan ibarət çıxışı xüsusi rəğbətlə qarşılanıb.
Səfər “Azərbaycan Evi”nin rəhbəri Ziya Zakir Acarın maliyyə və təşkilati dəstəyi ilə yüksək səviyyədə təşkil olunub.
Nümayəndə heyəti Iğdırda keçirilən “Yerelden Küresele Akademik Başarı ve Bir Bilim İnsanının Yolculuğu” adlı elmi–maarifləndirici tədbirdə iştirak edib. Tədbirdə Iğdır Universitetinin rektoru Prof. Dr. Ekrem GÜREL, rektor yardımcısı Doç. Dr. Uğur Şimşek, Iğdır İl Milli Eğitim Müdürü Aziz Gün, MEV Anadolu Lisesinin müdiri Ali Ekber Acar çıxış ediblər.
Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov da tədbirdə çıxış edərək Azərbaycan–Türkiyə təhsil əməkdaşlığının tarixi dostluq üzərində qurulduğunu bildirib və “Qardaş məktəb” layihəsinin gənclərin dünyagörüşünün genişlənməsinə, müasir təhsil mühitinin qarşılıqlı öyrənilməsinə və elmi-pedaqoji əməkdaşlığın güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Səfər çərçivəsində nümayəndələr İğdır İl Milli Eğitim Müdürü Aziz Gün ilə görüşərək gələcək təhsil layihələri, müəllim və tələbə mübadiləsi haqqında müzakirələr aparıblar.
Proqramın sonunda nümayəndə heyəti “Tuzluca Tuz Mağarası” və “Soyqırım Anıt-Müzesi”nə ekskursiya edərək bölgənin tarixi və mədəni irsi ilə yaxından tanış olub.
Reallaşan səfər Azərbaycan–Türkiyə təhsil əlaqələrinin daha da möhkəmlənməsinə və gələcək əməkdaşlıq perspektivlərinin genişlənməsinə mühüm zəmin yaradıb.








