Naxçıvan Təhsil Nazirliyi 7 vakant direktor vəzifəsini müsabiqəyə çıxardı
Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən direktorların işə qəbulu müsabiqəsi çərçivəsində Naxçıvanın ümumtəhsil müəssisələri üzrə 7 vakant direktor vəzifəsi elan olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 27 fevral 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib. Proses proqram təminatı vasitəsilə mərkəzləşdirilmiş qaydada və müsabiqə yolu ilə həyata keçirilir.
Müsabiqəyə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifələri çıxarılıb:
Naxçıvan şəhər 13 nömrəli tam orta məktəb
Şərur rayonu Çomaxtur kənd tam orta məktəbi
Şərur rayonu Mahmudkənd kənd tam orta məktəbi
Şərur rayonu Püsyan kənd tam orta məktəbi
Babək rayonu Babək şəhər 2 nömrəli tam orta məktəbi
Babək rayonu Didivar kənd tam orta məktəbi
Kəngərli rayonu Şahtaxtı kənd tam orta məktəbi
Namizədlər 6 mart 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra uyğun namizədlər müsahibəyə buraxılacaqlar. Vakant yerlər 20 fevral 2026-cı il tarixinə olan məlumatlara əsasən sistemə yerləşdirilib.
Namizədlər müsahibə mərhələsinə müəyyən olunmuş ardıcıllıqla dəvət ediləcəklər. Müsahibələr müvafiq komissiyalar tərəfindən aparılacaq və namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris fəaliyyəti, idarəçilik və təşkilatçılıq, ünsiyyət bacarıqları, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji biliklər, eləcə də sosial-emosional bacarıqlar üzrə qiymətləndiriləcəklər.
Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək. Müsabiqədən uğurla keçən şəxslərlə əmək münasibətləri qanunvericiliyə uyğun şəkildə rəsmiləşdiriləcək.








