Naxçıvan teatrı beynəlxalq festivalda uğurla çıxış edib - FOTO
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, teatr kollektivi görkəmli dramaturq Hüseyn Cavidin “Ana” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə səhnəyə çıxıb.
Tamaşada əsas rolları Xalq artisti Yasəmən Ramazanova, eləcə də gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, İsmayıl Mirzəcanov, Əlizamin Abbasov, Ələsgər Quliyev, Saynur Babayev və Seyfəddin Məmmədli canlandırıblar.
Səhnə əsərinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, rəssamı isə Səyyad Bayramovdur. Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsası üzərində kamança ifaçısı Hüseyn Nağıyev tərəfindən üç fərqli versiyada hazırlanıb.
Festival çərçivəsində nümayiş olunan tamaşa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda teatr kollektivi müxtəlif hədiyyələrlə təltif olunub və xatirə fotosu çəkilib.
















