Naxçıvan “Yaşıl Enerji Qovşağı”na çevrilir – ekspert
Naxçıvan Muxtar Respublikasında bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr regionun enerji sektorunda yeni mərhələnin əsasını qoyur. Xüsusilə hər birinin gücü 25 MVt olacaq “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik Stansiyalarının inşası Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində energetika mütəxəssisi Miryunis Seyidov deyib.
Onun sözlərinə görə, layihələrin icrası dövlətin bərpaolunan enerji siyasətinin Naxçıvandakı real nəticələrindən biridir:
“Ölkə başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq, Naxçıvanın dayanıqlı inkişafı və ekoloji təmiz ‘yaşıl enerji’ zonasına çevrilməsi istiqamətində tarixi addımlar atılır. ‘Şəms 1’ və ‘Qərbi Üfüq’ Günəş Elektrik Stansiyaları bu siyasətin mühüm təzahürlərindəndir".
Mütəxəssis bildirib ki, stansiyaların tikinti və quraşdırma işləri sürətlə davam etdirilir. Artıq “CEİ Naxçıvan” MMC tərəfindən stansiyanın mühüm hissəsi olan 10 MVt gücündə günəş panellərinin quraşdırılması başa çatdırılıb.
Miryunis Seyidovun sözlərinə görə, günəş elektrik stansiyalarının fəaliyyətə başlaması yalnız enerji istehsalının artırılması baxımından deyil, ekoloji mühitin qorunması baxımından da əhəmiyyətlidir:
“Ənənəvi istilik elektrik stansiyalarında təbii qaz və neftin yandırılması atmosferə böyük həcmdə karbon qazı və digər zərərli tullantıların atılmasına səbəb olur. Bərpaolunan enerji layihələrinin genişləndirilməsi isə bu emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcək".
Ekspert qeyd edib ki, Naxçıvanda günəş enerjisi layihələrinin reallaşdırılması təbii qazdan istifadəyə qənaət etməklə yanaşı, regionun enerji təhlükəsizliyinə də töhfə verəcək:
“Bu layihələrin hesabına hər il minlərlə ton karbon qazı emissiyasının qarşısının alınması, eyni zamanda milyonlarla kubmetr təbii qaza qənaət edilməsi mümkündür. Bu, həm iqtisadi, həm də ekoloji baxımdan mühüm nəticədir”.
Miryunis Seyidov hesab edir ki, həyata keçirilən layihələr Naxçıvanın gələcək enerji strategiyasında dönüş nöqtəsi olacaq:
“Naxçıvan artıq yalnız enerji istehlakçısı kimi deyil, gələcəkdə yaşıl enerji istehsal və ixrac potensialına malik bir region kimi formalaşır. Bu layihələr muxtar respublikanın beynəlxalq miqyasda ‘Yaşıl Enerji Qovşağı’na çevrilməsi istiqamətində atılan mühüm addımlardır”.
Onun fikrincə, bərpaolunan enerji layihələrinin genişləndirilməsi Naxçıvanın investisiya cəlbediciliyini də artıracaq:
“Təmiz enerji, müasir infrastruktur və innovativ texnologiyaların tətbiqi Naxçıvanı regionun ekoloji cəhətdən təmiz və müasir investisiya mərkəzlərindən birinə çevirə bilər. Bu baxımdan həyata keçirilən hər bir enerji layihəsi gələcəyin Naxçıvanına qoyulan sərmayədir”.








