Naxçıvanda "1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar bayram tədbirlərinə start verilib -

Naxçıvanda "1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar bayram tədbirlərinə start verilib - FOTO

21 May 2026

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar muxtar respublikada start verilən silsilə bayram tədbirlərinin birincisi Kəngərli rayonunda keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Kəngərli Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov tədbiri giriş nitqi ilə açaraq “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə uşaqları təbrik edib, onlara göstərilən dövlət qayğısından, sağlam, savadlı və vətənpərvər ruhda böyümələrinin əhəmiyyətindən danışıb.

Həmçinin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin prioritetlərindən bəhs edib, bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında uşaqların rifahı daim diqqət mərkəzində olmuşdur. Dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”na uyğun olaraq muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir.

Komitə sədri çıxışında uşaq siyasətinin həyata keçirilməsi, uşaqlara göstərilən qayğı və onların rifahının təmin olunması sahəsində cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu və ardıcıl fəaliyyətini xüsusi vurğulayıb.

Qeyd olunub ki, ölkə başçısının həyata keçirdiyi uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır. Onların hərtərəfli inkişafı təmin edilir, problem və qayğıları araşdırılır, həlli istiqamətində tədbirlər görülür.

Muxtar respublikada sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, şəhid övladları, ümumilikdə isə bütün kateqoriyadan olan uşaqlar dövlət qayğısı ilə əhatə olunur.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda digər sahələrlə yanaşı, uşaqlarla bağlı məsələlərin, xüsusilə təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib.

Həmçinin qeyd olunub ki, uşaqların təhsildən yayınmasının səbəblərinin araşdırılması və onların təhsilə cəlb olunması məqsədilə işçi qrupu yaradılmışdır.

Sonda Komitə sədri uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova çıxış edərək uşaqlar üçün yaradılan imkanlardan danışıb.

Tədbirdə Kəngərli rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan şagird Narıngül Mehdiyeva qazandığı uğurlardan bəhs edib, yaradılan şəraitə, göstərilən diqqətə, müasir təhsil imkanlarına və dəstəyə görə minnətdarlığını bildirib.

Tədbir çərçivəsində rayon üzrə 2025–2026-cı tədris ilində təhsil, idman və incəsənət sahələrində yüksək nailiyyətlər əldə etmiş uşaqlara Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyələr, Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən isə qazi və şəhid övladlarına, eləcə də fərqlənən uşaqlara hədiyyələr təqdim edilib.

Tədbirin bədii hissəsində Kəngərli rayonu üzrə fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, tam orta məktəblərin şagirdləri və körpələr evi–uşaq bağçalarının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri nümayiş etdirilib.