Naxçıvanda bilyard birinciliyinin qalibi bəlli olub -

Naxçıvanda bilyard birinciliyinin qalibi bəlli olub - FOTO

25 May 2026

23-24 may tarixlərində bilyard üzrə (qarışıq piramida) muxtar respublika birinciliyi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan yarış Naxçıvan şəhərində yerləşən “Uğur" bilyard salonunda reallaşıb. Birincilikdə 32 iştirakçı mükafatlar uğrunda mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, iki gün davam edən maraqlı idman mübarizəsinin sonunda Əli Həsənov yarışın qalibi olmaqla baş mükafata – kuboka layiq görülüb. Rinad Əliyev ikinci, Nahid Hüseynov və Əyyub Balabəyli isə üçüncü yerin sahibi olublar. İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Uğur” Bilyard Salonu ilə birgə təşkil etdiyi yarış regionda bilyard idman növünün inkişafı, oyunçular arasında təcrübə artımı və rəqabət mühitinin gücləndirilməsi məqsədinə xidmət edib.