Naxçıvanda dövlət auditinin rəqəmsallaşdırılması mövzusunda görüş keçirilib -

Naxçıvanda dövlət auditinin rəqəmsallaşdırılması mövzusunda görüş keçirilib - FOTO

25 İyun 2026

Görüşdə Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən, habelə maliyyə yardımı alan təşkilatların və digər dövlət müəssisələrinin nümayəndələri iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Hafiz İsmayılbəyli həyata keçirilən rəqəmsal transformasiya prosesinin əhəmiyyətindən danışıb. O, həmçinin audit olunan qurumlarla elektron məlumat mübadiləsinin genişləndirilməsinin şəffaflığın və hesabatlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Sonra çıxış edən Hesablama Palatasının Aparat rəhbəri Tamerlan Yusif-zadə dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı yaradılan informasiya sistemində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, informasiya sistemi rəqəmsal texnologiyalardan istifadə yolu ilə qanunvericilikdə müəyyən edilən hesabatların və məlumatların elektron mübadiləsi, avtomatlaşdırılmış emalı, verilənlərin auditi və ssenarilər əsasında təhlili vasitəsilə kənar dövlət maliyyə nəzarətinin və büdcə prosesində iştirakdan irəli gələn fəaliyyətin təşkilinin səmərəliliyinin artırılmasına xidmət edəcək.

Daha sonra Hesablama Palatasının Dövlət auditinin rəqəmsallaşdırılması və informasiya infrastrukturunun idarəedilməsi şöbəsinin müdir müavini - sektor müdiri Vasif Rəsulov tərəfindən dövlət auditinin rəqəmsallaşdırılması istiqamətində yaradılan informasiya sisteminin funksional imkanlarına dair təqdimat nümayiş etdirilib. Təqdimatda sistemin məqsədi, elektron məlumat mübadiləsi mexanizmləri, istifadəçi kabinetlərinin imkanları, məlumatların təqdim edilməsi və emalı prosesləri, eləcə də audit fəaliyyətində analitik alətlərdən istifadə imkanları barədə ətraflı məlumat verilib.

Təqdimatdan sonra Hesablama Palatasının Dövlət auditinin rəqəmsallaşdırılması və informasiya infrastrukturunun idarəedilməsi şöbəsinin əməkdaşları tərəfindən informasiya sisteminin tətbiqi zamanı qurumlar tərəfindən yaranan suallar əsasında müvafiq məsələlər barədə geniş məlumat verilib. Həmçinin iştirakçıların sualları cavablandırılıb, informasiya sisteminin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.