Naxçıvanda lavanda bitkisinin sınaq əkini aparılıb
Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu tərəfindən muxtar respublikada lavanda bitkisinin sınaq əkini həyata keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, 2024-cü ilin mart ayında 0,6 hektar sahədə lavandanın “Anqustifolia” növü əkilib. Əkin üçün istifadə olunan tinglər Bolqarıstandan gətirilib.
Əczaçılıq, kosmetika və efir yağları sənayesi üçün qiymətli xammal hesab olunan lavanda yüksək efir yağı tərkibi ilə seçilir. Mütəxəssislərin bildirdiyinə görə, aqrotexniki qaydalara düzgün əməl edildiyi təqdirdə hər hektardan 150 kiloqrama qədər efir yağı əldə etmək mümkündür.
Lavanda eyni zamanda arıçılıq üçün mühüm nektar bitkilərindən sayılır. Bitkinin çiçəkləmə dövründə arıları özünə cəlb etməsi keyfiyyətli və ətirli bal istehsalına əlverişli şərait yaradır.
Hazırda əkin sahəsində müşahidələr davam etdirilir. Sınaq əkininin nəticələrindən asılı olaraq gələcəkdə muxtar respublikada lavanda plantasiyalarının genişləndirilməsi nəzərdə tutulur.








