"Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları" təsdiq edilib
Nazirlər Kabineti "Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları"nı təsdiq edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalar paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qeyri-kommersiya hüquqi şəxslərə tətbiq edilən dövlət dəstəyi mexanizmlərinə şamil edilmir.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstəklərin səmərəliliyinin qiymətləndirilməsi qeyd olunan qurumların daxili qaydalarına uyğun olaraq aparılır.
"Qiymətləndirməni həyata keçirən qurum İqtisadiyyat Nazirliyi müəyyən edilib. Qərarın qəbul edilməsi ilə dövlət orqanları (qurumları) sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara göstərilən dövlət dəstəyi mexanizmləri həyata keçirəcək, həmçinin dəstək göstərən qurumlar sahibkarlıq subyektlərinə göstərilən dəstəklərin səmərəliliyinin qiymətləndirilməsini təmin edəcək.
Yeni dəstək mexanizmlərinin tətbiqindən öncə onu təklif edən dövlət orqanı (qurumu) tərəfindən dəstək mexanizmlərinin ilkin (proqnoz) qiymətləndirilməsi və hal-hazırda sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstək mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi həyata keçiriləcək", - deyə Nazirlər Kabineti bəyan edib.








