26 İyun: Azərbaycan ordusunun Zəfər və qürur günü

26 İyun: Azərbaycan ordusunun Zəfər və qürur günü

25 İyun 2026

Tarixin bütün dövrlərində dövlətlərin qüdrəti, ilk növbədə, onların malik olduğu siyasi iradə, milli birlik və güclü ordu amili ilə müəyyənləşib. Dövlət müstəqilliyinin qorunması, milli təhlükəsizliyin təmin olunması və xalqın gələcək inkişafının etibarlı zəmin üzərində qurulması məhz qüdrətli ordunun varlığından keçir. Müasir Azərbaycan dövlətçiliyinin möhkəm dayaqlarından biri olan Azərbaycan Ordusu bu gün xalqımızın milli qürur mənbəyi, dövlətimizin güc simvolu və regionun əsas hərbi-siyasi faktorlarından biri kimi tarix yazır.

Ümummilli Lider Heydər Əliyev hər zaman ordu quruculuğunu dövlət siyasətinin fundamental istiqamətlərindən biri kimi qiymətləndirərək deyirdi: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir.” Bu strateji baxış Azərbaycan dövlətinin gələcək inkişaf modelinin mühüm sütunlarından birini təşkil etmişdir.

Azərbaycanın peşəkar milli ordusunun formalaşdırılması prosesi məhz Ulu Öndərin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra yeni mərhələyə qədəm qoydu. Həmin dövrdən etibarən hərbi kadr potensialının yaradılması məqsədilə sistemli siyasət həyata keçirildi. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması Azərbaycanın hərbi tarixində strateji dönüş nöqtəsi oldu. Bu addım təkcə hərbi təhsil sisteminin formalaşdırılması deyil, eyni zamanda milli zabit korpusunun yetişdirilməsi istiqamətində uzaqgörən dövlət siyasətinin başlanğıcı idi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz ağır geosiyasi təhdidlər və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qaldı. Dövlət idarəçiliyində yaranmış böhran, nizamsız silahlı dəstələrin mövcudluğu və vahid komandanlıq prinsipinin olmaması ölkənin müdafiə imkanlarını ciddi şəkildə zəiflədir, torpaqlarımızın işğalını sürətləndirirdi.

Məhz belə mürəkkəb tarixi şəraitdə xalqın tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, nizami ordu quruculuğunun əsasını yaratdı. Qısa müddət ərzində qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq sistemi formalaşdırıldı, peşəkar ordunun yaradılması istiqamətində fundamental islahatlara start verildi.

1998-ci il 22 may tarixində imzalanan Fərmanla 26 İyun — Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün rəsmi olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bununla da Azərbaycan Ordusunun institusional inkişafı dövlətçilik tariximizin mühüm siyasi hadisələrindən birinə çevrildi.

Sonrakı mərhələdə hərbi təhsil infrastrukturunun genişləndirilməsi, ordunun maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq hərbi əməkdaşlığın inkişaf etdirilməsi və NATO standartlarına uyğunlaşma prosesi Azərbaycan Silahlı Qüvvələrinin müasirləşməsinə ciddi təkan verdi. Azərbaycan hərbçilərinin beynəlxalq missiyalarda qazandığı peşəkar təcrübə ordumuzun döyüş hazırlığını daha da yüksəltdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu son iyirmi il ərzində keyfiyyətcə tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət başçısının prinsipial siyasi iradəsi nəticəsində müdafiə sənayesi kompleksi formalaşdırıldı, ordunun silahlanması dünyanın ən müasir texnologiyaları ilə təmin edildi, peşəkar komando birlikləri yaradıldı, hərbi qulluqçuların sosial təminatı əhəmiyyətli dərəcədə gücləndirildi. Prezident İlham Əliyevin ifadə etdiyi kimi: Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik”

Azərbaycan Ordusunun qüdrəti son onillikdə əldə olunan tarixi hərbi uğurlarla bütün dünyaya nümayiş etdirildi. 2016-cı ilin Aprel döyüşləri xalqımızın zəfər iradəsini nümayiş etdirdi. 2018-ci ildə Günnüt əməliyyatı strateji üstünlüyümüzü daha da gücləndirdi. Lakin Azərbaycan hərb tarixinin ən möhtəşəm səhifəsi 2020-ci ildə yazıldı.

44 günlük Vətən müharibəsi xalqımızın milli birliyini, ordumuzun qüdrətini və dövlətimizin sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin qətiyyətli siyasi liderliyi, ordumuzun peşəkarlığı və xalq-ordu birliyi nəticəsində işğal altındakı torpaqlarımız azad edildi, tarixi ədalət bərpa olundu və Azərbaycan beynəlxalq hüququ özü təmin edən güclü dövlət kimi yeni reallıq yaratdı.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağ üzərində ölkəmizin dövlət suverenliyi tam bərpa edildi. Bununla da Azərbaycan öz müasir tarixinin ən mühüm strateji hədəfinə nail oldu. Bu gün Azərbaycan Ordusu yalnız regionun deyil, dünyanın nüfuzlu hərbi analitik mərkəzləri tərəfindən yüksək qiymətləndirilən güclü ordularından biri hesab olunur. Müdafiə xərclərinin davamlı şəkildə artırılması, milli hərbi sənayenin genişləndirilməsi və peşəkar insan resurslarının formalaşdırılması dövlətimizin bu istiqamətdə uzunmüddətli strateji baxışını nümayiş etdirir.

Azərbaycan əsgəri bu gün Vətən sevgisinin, fədakarlığın, sədaqətin və yenilməz iradənin canlı təcəssümüdür. Tarixi Zəfərimiz artıq yeni milli kimliyimizin ayrılmaz hissəsinə çevrilmişdir.

Ümummilli Lider Heydər Əliyevin müdrik fikri bu gün daha aydın görünür: “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır.”

26 İyun - Azərbaycan xalqının dövlət gücünün, siyasi iradəsinin, milli həmrəyliyinin və qalib ruhunun simvoludur.

Bu gün hər bir Azərbaycan vətəndaşı qürurla deyir:

Azərbaycan Ordusu xalqımızın yenilməzliyinin təcəssümüdür.

Azərbaycan əsgəri Zəfərin müəllifidir.

Azərbaycan dövləti isə qalib dövlət kimi yeni tarix yazır.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın Qalib Azərbaycan Ordusu!

Yaşasın Müstəqil Azərbaycan!

Canməmməd CANMƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı