Naxçıvanda məktəb direktorları üçün vakant yerlərin sayı açıqlanıb
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində direktor vəzifələrinə işə qəbul üzrə müsabiqəyə çıxarılan vakant yerlər açıqlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, 29 iyun 2026-cı il saat 11:00-dan etibarən ölkə üzrə mərkəzləşdirilmiş qaydada direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə start veriləcək.
Naxçıvanın ümumtəhsil müəssisələri üzrə vakant direktor vəzifələrinin siyahısı ictimaiyyətə təqdim olunub. Müsabiqəyə muxtar respublikanın müxtəlif təhsil müəssisələrindən ümumilikdə 25 vakant direktor vəzifəsi çıxarılıb.
Namizədlər 6 iyul 2026-cı il saat 17:00-dək direktorların işə qəbulu üçün nəzərdə tutulmuş elektron platforma vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Bildirilib ki, proses Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə həyata keçiriləcək. Müsabiqə iki mərhələdən – seçim və müsahibə mərhələlərindən ibarət olacaq.
Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsinin məqsədi ümumtəhsil müəssisələrinin idarəetməsində peşəkar və səriştəli kadrların seçilməsini təmin etməkdir.








