Naxçıvanda dövlət qulluqçuları üçün “Dövlət qulluğuna dair qanunvericilik və onun tətbiqi” mövzusunda vebinar keçirilib -

Naxçıvanda dövlət qulluqçuları üçün “Dövlət qulluğuna dair qanunvericilik və onun tətbiqi” mövzusunda vebinar keçirilib - FOTO

09 Oktyabr 2025

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Dövlət qulluğuna dair qanunvericilik və onun tətbiqi” mövzusunda vebinar keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib. Vebinarda muxtar respublikanın müxtəlif dövlət qurumlarında çalışan 60-dək dövlət qulluqçusu və digər əməkdaşlar iştirak edib.

Vebinarı hüquq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Fəxrəddin Nağıyev aparıb. O, çıxışında dövlət qulluğunun hüquqi əsasları, dövlət qulluqçusunun statusu və vəzifə məsuliyyəti, həmçinin dövlət idarəçiliyində şəffaflıq və etik davranış prinsipləri barədə geniş məlumat verib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qulluğu haqqında fikirləri də xüsusi vurğulanıb: “Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu, o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq etibar edilmişdir. Dövlət qulluğu imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Hər bir dövlət qulluqçusu xatırlamalıdır ki, o, xalqın xidmətçisidir.” Dosent Fəxrəddin Nağıyev qeyd edib ki, bu fikirlər dövlət qulluqçusunun fəaliyyət fəlsəfəsini, məsuliyyətini və vətəndaş qarşısında xidmət borcunu tam əks etdirir.

Vebinar zamanı iştirakçılara “İnsanın və vətəndaşın hüquqları haqqında Bəyannamə”, BMT-nin “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqları prinsipləri barədə məlumat verilib.

Fəxrəddin Nağıyev vurğulayıb ki, insan hüquqlarının qorunması, şəffaflıq, ədalət və xidmət mədəniyyəti müasir dövlət idarəçiliyinin əsas dayaqlarıdır. O bildirib ki, “Dövlət qulluqçusu dünyada gedən qlobal proseslərdən xəbərdar olmalı, informasiya texnologiyaları və müasir idarəçilik metodlarını mənimsəməli, vətəndaşlara xidmət mədəniyyətini daim təkmilləşdirməlidir.”

Vebinar çərçivəsində mövzu üzrə praktiki nümunələr təqdim olunub, dövlət qulluğu sahəsində tətbiq olunan yeni mexanizmlər müzakirə edilib.

Sonda qeyd olunub ki, bu cür maarifləndirici tədbirlər dövlət qulluqçularının hüquqi biliklərinin artırılmasına, idarəçilikdə peşəkarlığın və məsuliyyət hissinin möhkəmlənməsinə mühüm töhfə verir.