NDU-da yeni tədris ilində 50 əcnəbi alim dərs deyəcək -

NDU-da yeni tədris ilində 50 əcnəbi alim dərs deyəcək - FOTO

10 Oktyabr 2025

Naxçıvan Dövlət Universitetində (NDU) 2025–2026-cı tədris ili xarici akademiklərin iştirakı baxımından rekord göstərici ilə başlanıb. Universitetin strateji hədəfləri sırasında əcnəbi alimlərin tədrisə cəlbi xüsusi prioritet təşkil edir. Bu istiqamətdə həyata keçirilən geniş əməkdaşlıqlar nəticəsində NDU-da bu il 7 fakültə üzrə 31 yeni xarici professor fəaliyyətə başlayıb. Ötən ildən dəvət olunmuş alimlərlə birlikdə ali təhsil ocağında ümumilikdə 50 nəfər əcnəbi müəllim dərs deyir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əcnəbi alimlər əsasən Türkiyə, İordaniya, Yaponiya, Macarıstan və digər ölkələrin nüfuzlu universitetlərindən dəvət olunublar. Onlar tibb, əczaçılıq, mühəndislik, iqtisadiyyat, beynəlxalq münasibətlər, hüquq, xarici dillər və digər sahələr üzrə dərs deyirlər.

Əcnəbi müəllimlər arasında İstanbul Universiteti, Orta Şərq Texniki Universiteti (ODTÜ), Karadeniz Texnik Universiteti (KTÜ), Ege Universiteti və İstanbul Universiteti-Cərrahpaşa kimi tanınmış ali təhsil müəssisələrinin professorları da yer alır.

Qeyd edək ki, oktyabr ayından NDU-da müəllimlərin peşəkar inkişaf təlimləri də start götürüb. Əcnəbi professorlar bu təlimləri bütün fakültələr üzrə aparacaq və proqram 2026-cı ilin aprel ayına qədər davam edəcək.

Xatırladaq ki, cari ilin aprelində NDU-da Azərbaycan ali təhsil tarixində ilk dəfə “Beynəlxalq Təlim Aylığı” proqramı həyata keçirilib. Layihə çərçivəsində 6 ölkədən 21 təlimçi üç dildə – Azərbaycan, türk və ingilis dillərində təlimlər keçib. ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Niderland və Özbəkistandan olan tanınmış ekspertlərin iştirakı ilə baş tutan bu proqram universitetin beynəlmiləlləşmə istiqamətində mühüm addım kimi qiymətləndirilir.