Naxçıvanda ictimai sektor mühasibləri üçün PMS təlimlərinə start verildi -

Naxçıvanda ictimai sektor mühasibləri üçün PMS təlimlərinə start verildi - FOTO

02 Oktyabr 2026

İctimai sektor mühasibləri üçün peşəkar mühasib sertifikatı (PMS)  proqramı üzrə növbəti uzunmüddətli təlimlərə başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə ictimai sektor təşkilatlarında çalışan mühasiblərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə Peşəkar Mühasib Sertifikatı (PMS) proqramı üzrə növbəti uzunmüddətli təlimlərə başlanılıb.

Təlimlərin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mühasibatlıq sektorunun müdiri-baş mühasibi İman Yusifov bildirib ki, təlim proqramının əsas məqsədi dövlət qurumlarında çalışan mühasiblərin nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi, onların Peşəkar Mühasib Sertifikatı imtahanlarına hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də peşəkar inkişaf imkanlarının genişləndirilməsidir.

İman Yusifov tərəfindən keçiriləcək təlimlər ilkin mərhələdə mühasibat uçotu üzrə baza biliklərinin möhkəmləndirilməsini əhatə edəcək. Növbəti mərhələlərdə isə tədris prosesi İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) istiqamətində PMS proqramına uyğun şəkildə davam etdiriləcək. Təlimlər çərçivəsində iştirakçıların bilik səviyyəsinin qiymətləndirilməsi və imtahanlara hazırlığının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin imtahan modelinə uyğun sınaq imtahanlarının təşkili də nəzərdə tutulur.

İki ay davam edəcək təlim proqramı Naxçıvan Muxtar Respublikasında mühasibatlıq sahəsində peşəkar kadr potensialının gücləndirilməsinə, mühasiblərin peşə hazırlığının yüksəldilməsinə və ictimai sektor təşkilatlarında beynəlxalq mühasibat uçotu standartlarının tətbiqi üzrə biliklərin artırılmasına xidmət edir.