Naxçıvanda tikinti və şəhərsalma xərcləri ilə bağlı tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Tikinti və şəhərsalma xərclərinin büdcə təsnifatında və mühasibat uçotunda düzgün tətbiqi” mövzusunda metodiki maarifləndirmə tədbiri keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, muxtar respublikanın büdcə təşkilatlarının mühasibat uçotu sahəsində çalışan əməkdaşlarının iştirakı ilə keçirilən tədbiri Maliyyə Tədris Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Tural Məmmədzadə açıb. O, tikinti və şəhərsalma xərclərinin düzgün təsnifləşdirilməsinin və mühasibat uçotunda düzgün əks etdirilməsinin maliyyə intizamının və hesabatlılığın təmin olunmasında əhəmiyyətini vurğulayıb.
Sonra Nazirliyin Büdcə şöbəsinin əməkdaşı Elxan Sultanov “Tikinti və şəhərsalma xərclərinin büdcədə planlaşdırılması, təsnifləşdirilməsi və əsaslandırılması” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda xərclərin düzgün təsnifləşdirilməsi, cari və əsaslı təmir xərclərinin fərqləndirilməsi, xərc tələbatının hesablanması və əsaslandırılması məsələləri izah olunub.
Daha sonra Maliyyə-İnzibati şöbənin əməkdaşı İman Yusifov və Uçot siyasəti sektorunun əməkdaşı Nail Mustafazadə “Təmir məsrəflərinin mühasibat uçotunda tətbiqi” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat zamanı cari və əsaslı təmir məsrəflərinin fərqləndirilməsi, sənədləşdirilməsi və mühasibat uçotunda əks etdirilməsi qaydaları iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir mövzular ətrafında müzakirələrlə davam etdirilib, iştirakçıların praktiki fəaliyyətdə qarşılaşdıqları məsələlərə dair sualları cavablandırılıb.













