Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı artıb

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı artıb

01 Oktyabr 2026

2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında emal sənayesinin bir sıra fəaliyyət sahələri üzrə məhsul istehsalında artım qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir, hesabat dövründə qida məhsullarının istehsalı 101 568,7 min manat, içki istehsalı 78 838,3 min manat, tikinti materiallarının istehsalı 23 171,8 min manat, geyim istehsalı 3 199,0 min manat, avtomobil istehsalı 1 357,9 min manat, kimya sənayesi məhsullarının istehsalı 1 118,5 min manat, kağız və karton istehsalı 951,3 min manat, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə istehsalın həcmi isə 180,9 min manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 5,2 faiz, içki istehsalında 2,2 faiz, tikinti materiallarının istehsalında 15,8 faiz, geyim istehsalında 3,1 dəfə, avtomobil istehsalında 5,3 dəfə, kimya sənayesində 31,4 faiz, kağız və karton istehsalında 80,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə isə 2,1 dəfə artım qeydə alınıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında emal sənayesində, ümumilikdə, 304 119,0 min manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.