Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi Naxçıvanda da keçirilir
Müdafiə naziri general polkovnik Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təliminin sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfələrdən danışıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, bu barədə təlimin sonuncu mərhələsi zamanı bildirib.
Təliminin gedişatını izləyən müdafiə naziri general polkovnik Zakir Həsənov təlim iştirakçıları qarşısında çıxış edərək bu cür təlimlərin ordunun inkişafında rolundan danışıb, təlimlərin şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə, sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfələri xüsusi qeyd edib.
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Eyni zamanda təlimdə İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində iştirak edir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.
Təlim çərçivəsində iştirakçılar hibrid təhdidlərə, terror fəaliyyətlərinə qarşı mübarizənin aparılması, yaşayış məntəqələrində antiterror əməliyyatlarının keçirilməsi, müştərək planlaşdırılma və qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə tapşırıqları birgə icra ediblər.
Təlimin əsas məqsədləri ölkələr orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir.
Eyni zamanda təlimin keçirilməsində məqsəd beynəlxalq əməliyyatların müştərək planlaşdırılması, şəxsi heyət arasında dostluq əlaqələrinin gücləndirilməsi və tapşırıqların birgə icrası zamanı bölmələr arasında qarşılıqlı uzlaşmanın təmin edilməsidir.








