Naxçıvanda Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikasının Prokuroru II dərəcəli dövlət ədliyyə müşaviri Sənan Paşayev və prokurorluğun kollektivi Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad edib, həmçinin Ulu Öndərin adını daşıyan muzeyi ziyarət ediblər.
Sonra Şəhidlər Xiyabanına gələn Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyub. Daha sonra
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun inzibati binasında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Prokuroru II dərəcəli dövlət ədliyyə müşaviri Sənan Paşayev çıxış edərək prokurorluq orqanlarında xidmət edən əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan Prokurorluğunun 108 illik inkişaf yoluna nəzər salıb, onun müxtəlif tarixi mərhələlərdə əldə etdiyi nailiyyətlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.
Sənan Paşayev çıxışında Prokurorluğun formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd edərək bildirib ki, müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində Ulu Öndərin müəyyən etdiyi strateji xətt dövlət idarəçiliyinin, hüquq sisteminin və hüquq-mühafizə institutlarının müasir tələblər əsasında inkişafının mühüm əsasını təşkil etmişdir.
Çıxışda həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkilinə, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, əməkdaşların peşəkarlığının artırılmasına və maddi-texniki bazanın gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Qeyd edilmişdir ki, həyata keçirilən hüquqi islahatlar nəticəsində Prokurorluq orqanları milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.
Tədbirin sonunda 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Baş prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun müvafiq əmrləri ilə xidmətdə fərqləndirildiklərinə görə təltif edilmiş bir qrup əməkdaşa mükafatlar təqdim edilmişdir.













