Naxçıvanda müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsi başlayır
İyunun 17-dən Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinə start verilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesində təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.
Sertifikatlaşdırma prosesində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!









