
Naxçıvanda Proqramçılar Gününə həsr olunmuş tədbir keçirilib
Sentyabr 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Proqramçılar Gününə həsr olunmuş tədbir təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Nazirliyin Aparatının və tabeliyində fəaliyyət göstərən “Naxçıvan Telekom”un əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Nazirliyin Aparat rəhbəri Əziz Hümbətov çıxış edərək günün əhəmiyyətindən və proqramçıların rəqəmsal inkişafdakı rolundan danışıb.
Daha sonra “Naxçıvan Telekom” MMC-nin İdarə Heyətinin sədri Tağı Tağızadə rəqəmsal texnologiyaların tətbiqi və gənc mütəxəssislərin inkişafı barədə fikirlərini bölüşüb. İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin əməkdaşı Şahin İsmayılov isə proqramçıları peşə bayramı münasibətilə təbrik edib və öz təəssüratlarını paylaşıb.
Tədbir panel müzakirələri ilə davam edib. Panelistlər öz təcrübələrini iştirakçılarla bölüşüblər.
Nazirliyin əməkdaşı Kənan Hüseynəliyev texnoloji layihələrin idarə olunması, komanda işi və yeni texnologiyaların tətbiqi barədə danışıb. İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin əməkdaşları Aytən Quliyeva və Gülnar Hüseynova isə texnoloji trendlər, süni intellektin imkanları və karyera inkişafı, iş mühitində qarşılaşılan çağırışlar, dizayner–proqramçı əməkdaşlığı ilə bağlı məqamları diqqətə çatdırıblar.
Müzakirələr zamanı proqramçılar iştirakçıların gündəlik iş təcrübəsi, texnoloji yeniliklərin tətbiqi, peşəkar inkişaf yolları və əməkdaşlıq imkanları ilə bağlı suallarını cavablandırıblar.
Tədbirin sonunda Əziz Hümbətov və Tağı Tağızadə yekun nitq söyləyərək panelistlərə və iştirakçılara təşəkkürlərini bildirib, panelistlərə xatirə hədiyyələri təqdim ediblər.
Tədbirin əsas məqsədi proqramçıların təcrübə və biliklərini paylaşmaqla yanaşı, innovativ texnologiyalara marağı artırmaq, gənc mütəxəssislərə motivasiya vermək olub.