Naxçıvana gətiriləcək elektrikli avtobuslar üçün sürətli enerji doldurma stansiyaları da quraşdırılacaq

Naxçıvana gətiriləcək elektrikli avtobuslar üçün sürətli enerji doldurma stansiyaları da quraşdırılacaq

13 Sentyabr 2025

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da nəqliyyat infrastrukturunun inkişafı və ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində ardıcıl  tədbirlər həyata keçirilir".

Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"nə müsahibəsində Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin mətbuat katibi Rauf Əliyev bildirib.

O qeyd edib ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 mart 2025-ci il tarixli sərəncamına əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrikli avtobusun alınması, enerjidoldurma cihazlarının quraşdırılması, həmçinin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulub. Bu istiqamətdə layihələrin icrası üçün “BakuBus” MMC-yə 33 milyon 449 min manat vəsait ayrılıb.

Müsahibimiz qeyd etdi ki, hazırda hər gün 70-ə yaxın dizel mühərriki ilə işləyən avtobus və mikroavtobus fəaliyyət göstərir. Bununla yanaşı, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin balansında 12 tam elektrikli avtobus və iki 6+1 yerli taksi minik avtomobili də sərnişinlərə xidmət göstərir.

Onun sözlərinə görə ekoloji cəhətdən təmiz, yayda sərin, qışda isti olması üçün xüsusi izolyasiya ilə təmin edilən, həmçinin sərnişinlərin təhlükəsiz daşınması üçün müvafiq avadanlıqlarla təchiz olunan bu elektrikli avtobuslar sakinlərin və şəhər qonaqlarının razılığını qazanıb.

"Hazırda “BakuBus” MMC tərəfindən bu sahədə layihələr həyata keçirilməkdədir. Yeni avtobusların gətirilməsi ilə yanaşı, sürətli enerji doldurma stansiyalarının da quraşdırılması planlaşdırılır. Bu layihələr Naxçıvan şəhərində Avtobus Parkının yenidən qurulmasına və müasir standartlara uyğun yenilənməsinə imkan yaradacaq", - deyə, o vurğulayıb.

Müsahibəni hazırladı:

Nəzrin Abbaslı