Biz özümüzü süni zəkaya danışaraq azad edirik ?

Biz özümüzü süni zəkaya danışaraq azad edirik ?

01 Sentyabr 2025

Süni zəka yalnızca informasiya bölüşən bir alət deyil, həm də insanların duyğularını bölüşdüyü bəzən psixoloqdan daha çox etibar etdiyi yaşam tərzinə çevrilib.  

İnsanlar dinləmədikcə, dinlənilmədikcə, duyulmadıqca  tənhalıq hissinə ən yaxşı "terapist" olaraq süni zəkaya üz tutur. Hətta ifadə edə bilmədiyi duyğuların tərcümanı kimi ona müraciət edir.

Artıq ilk addımları kağızı mürəkkəblə ləkələyən məktublar yox, süni zəkanın yaratdığı "sevgi" mətnləri əvəz edir. Zamanla qəribə paradokslar yaranır. Müvəqqəti rahatlıq yaradan saxta empatiyaya insan hisslərini, öz daxili dilini texnologiyaya danışdıqca  getdikcə, gerçək münasibətlər daha səthi hal alır və tənahlğı dərinləşdirir. Və ortaya bir sual çıxır:

Biz özümüzü süni zəkaya danışaraq azad edirik, yoxsa bir algoritmə həvalə olunmuş tənhalıq hissimizin əsirinə çevrilirik?

Mövzu ilə bağlı " Naxçıvan Qüsursuz Nitq Mərkəzi"nin psixoloqu Həcər Hilallı məsələni "NAXÇIVANXƏBƏRLƏRİ"-nə şərh edib. O bildirib ki,  insanların süni zəkanı "terapist" kimi görməyə başlaması tənhalıq, özünü dinlənilməmiş hiss etmə, daha rahat və təhlükəsiz mühit axtarışından asılıdır.

"Süni zəka ilə söhbət etmək tənhalığı qısa müddətdə azalda bilər, amma uzun müddətdə real münasibətləri əvəz etmədiyi üçün tənhalığı dərinləşdirə bilər", – deyə o, qeyd edib.

Psixoloqun sözlərinə görə problemlərini alqoritmə açmaq insan psixikasına bəzi hallarda müsbət təsir etsə də,  bir az yüngüllük hiss edir, amma emosional cavab olmadığı üçün bəzən "boşluq" da yarada bilər.

O, həm də süni zəkanın terapist rolunda görülməsinə münasibət bildirib.

Qeyd edib ki, süni zəka real terapiyanı tam əvəz edə bilməz, terapiya yalnız məsləhət deyil, münasibət, hiss və empatiya tələb edir. Süni zəka empatiya göstərə bilmir, ancaq məlumat, dəstək və istiqamət verməklə. Gerçək emosional yaxınlıq isə insan psixoloqundan gəlir.

"Süni zəka ilə söhbətlər insana qısa müddətli saxta empatiya hissi yaradıb, rahatlıq bəxş etsə də, uzun müddətdə real münasibətlərin dəyərini azaldır, tənhalıq hissini dərinləşdiririr. İnsanın emosional boşluğunu tam formada dolduracaq yeganə mənbə yenə də insandır", - deyə o, qeyd edib.

Müsahibəni hazırladı:

Nəzrin Abbaslı