Uşaqlıqdan danışılmayan mövzular cəmiyyətin eyibinə çevrilir

Uşaqlıqdan danışılmayan mövzular cəmiyyətin eyibinə çevrilir

09 Sentyabr 2025

Kiçik yaşlardan uşaqlara öz bədənini tanımaq öyrədilmir. Bunun əvəzinə hər şey “eyib” anlayışı ilə gizlədilir.  Bu "eyiblər" sonda cəmiyyətin eyibinə çevrilir: fiziologiyasına yad böyüyən uşaqlar zorakılıqla üzləşir.

Şəxsi sərhədlər ailə daxilindən başlayaraq da pozulur. Valideynlərin övladlarını məcburi davranışlar etməsini yönləndirməsi, qohumlarla həddin olmaması uşaqlara yanlış mesaj verir – “sərhəd yoxdur”. Bu isə gələcəkdə zorakılığa şərait yaradır. Məktəblərdə, hətta universitetlərdə belə fiziologiyadan danışmaq eyib sayılır. Beləliklə, bədəninə yad böyüyən fərdlər zorakılığın normal qəbul olunduğu bir cəmiyyətin parçasına çevrilir.

Mövzu ilə bağlı "Naxçıvan Qüsursuz Nitq Mərkəzi"nin psixoloqu Həcər Hilallı məsələni "NAXÇIVANXƏBƏRLƏRİ"-nə şərh edib.

O vurğulayıb ki, uşaq bədənini “ayıb” kimi tanıması,  özünəgüvən çatışmazlığı, utanc və günahkarlıq hissi yaradır. Cinsi inkişaf təhrif olunur, nəticədə istismara qarşı müdafiəsiz qalır. Uşaq ailə ilə açıq danışa bilmir və gələcəkdə kimlik qarışıqlıqları yaşaya bilir.

O  bildirib ki, artıq 2–3 yaşdan uşaqlara əvvəlcə bədən hissələrinin adlarını öyrətmək, özəl bölgələrin yalnız uşağa aid olduğunu demək vacibdir. 5–7 yaşda “xeyr demək” haqqı, sirr saxlamamaq və təhlükə anında kimə müraciət etmək aydın izah edilməlidir. 8 yaşdan sonra sosial media və emosional sərhədlər mövzusu gündəmə gəlməlidir.

Onun sözlərinə görə, cəmiyyətdə zorakılığın gizlədilməsinin əsas səbəbini kollektiv inkar və qurbanı günahlandırma ilə bağlıdır. “Bizdə belə şey olmaz” yanaşması ilə faktlar çox vaxt ört-basdır edilir. Qurban isə “niyə orada idi, niyə elə geyinmişdi” kimi ittihamlarla qarşılaşır. Nəticədə sosial tabular, avtoritet qorxusu və empati çatışmazlığı bu meyli gücləndirir.

O həm də valideynlərin bu  mövzulara qeyri-həssas yanaşmasına münasibət  bildirib:

Bizim kimi cəmiyyətlərdə cinsiyyət və bədənlə bağlı söhbətlər tabu sayılır. Valideynlər utanc hiss edir, necə danışmalı olduqlarını bilmirlər, bəzən də “uşaq anlamaz” deyə məsələni təxirə salırlar. Ən təhlükəli səbəb isə “bizim ailədə olmaz” düşüncəsidir.

Təhsil ocaqlarında uşaqların erkən maarifləndirilməməsinin yaratdığı faciələr haqda danışan psixoloq qeyd edir ki, maarifləndirmə olmadıqda, uşaqlar zorakılığa qarşı müdafiəsiz qalır. Bədənlə bağlı utanc və psixoloji travmalar dərinləşir. Nəticədə sərhəd tanımayan, susqun və passiv cəmiyyət yetişir.

"Uşaqlıqda yaşanan cinsi travma böyüyəndə insanda güvən problemləri, sevgi münasibətlərində çətinliklər yaradır. Bəziləri zorakılığı normallaşdırır və ya təkrarlayır. Özünə dəyər hissi zədələnir, depressiya və hətta özünəqəsd riskləri artır. Cəmiyyət səviyyəsində isə bu, zorakılığın nəsildən-nəslə ötürülməsinə, passiv vətəndaşların çoxalmasına səbəb olur",– deyə o qeyd edib.

Psixoloq qeyd edib ki, zorakılığı azaltmaq üçün ən təcili atılmalı olan addımlardan biri ailədə, təhsil ocaqlarında, sosial mediada maarifləndirmədir.

"Dərslərə cinsi tərbiyə mövzusu daxil edilməli, riskli davranışları izlənilməli, uşaqlara model olmalıdırlar. Məktəblərdə güvənli künclər, anonim şikayət qutuları yaradılmalı, valideynlər maarifləndirici iclaslara cəlb edilməlidir. İnsan zorakılığın nə olduğunu tanımırsa, müdafiə də edə bilmir. Ona görə sistemli təlimlər, valideyn seminarları, media kampaniyaları və güclü psixoloji dəstək şəbəkəsi ən təcili addımlardır", - deyə psixoloq qeyd edib.

Müsahibəni hazırladı:

Nəzrin Abbaslı