
Mirtaleh Seyidov: Naxçıvanda cari ildə 420 yanğın hadisəsi qeydə alınıb
Bu ilin əvvəlindən indiyədək Naxçıvan Muxtar Respublikası ərazisində 420 yanğın hadisəsi baş verib.
Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi Mirtaleh Seyidov məlumat verib.
Onun sözlərinə görə, qeyd olunan yanğınların 225-i əkin və otlaq sahələrində, həyatyani ərazilərdə, 26-sı fərdi yaşayış evlərində və mülkiyyətlərdə, 10-u isə nəqliyyat vasitələrində baş verib. Digər hadisələr isə vətəndaşların ehtiyatsızlığı nəticəsində qeydə alınıb.
Mirtaleh Seyidov bildirib ki, yanğınların əsas səbəbləri odla ehtiyatsız davranış, təhlükəsizlik qaydalarının pozulması, otlaq və əkin sahələrinin qəsdən yandırılması, açıq oddan istifadə hallarından qaynaqlanır.
Fərdi yaşayış evlərində yanğınların başlıca risk amilləri isə elektrik cihazlarından düzgün istifadə edilməməsi, ocaqların nəzarətsiz qalması və elektrik xətlərində yüklənmədir.
Nazirlik rəsmisi qeyd edib ki, FHN tərəfindən yay mövsümündə yanğınların qarşısının alınması üçün digər aidiyyəti qurumlarla birgə geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Bununla yanaşı, dövlət yanğından nəzarəti idarəsi tərəfindən bütün obyektlərdə illik plan üzrə yoxlamalar aparılıb, yanğınsöndürmə vasitələrinin mövcudluğu, qaz və elektrik təsərrüfatının tələblərə uyğunluğu, istilik sistemləri, təxliyə planları və yanğına qarşı su vəziyyəti diqqətlə yoxlanılıb.
Şöbə rəisi əkin sahələrinin yandırılmasına görə fermer və torpaq mülkiyyətçilərinin məsuliyyət daşıdığını vurğulayıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.1-ci maddəsinə əsasən, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400–600 manat, vəzifəli şəxslər 1500–2000 manat, hüquqi şəxslər isə 5000–6000 manat cərimə edilə bilər.
"İstirahət üçün meşələrə və digər açıq məkanlara üz tutan insanlar təhlükəsizlik qaydalarına əməl etməli, qadağan olunmuş ərazilərə daxil olmamalı, açıq oddan və ocaqdan istifadə etməməlidirlər", - deyə M. Seyidov vətəndaşlara müraciətində bildirib.
Müsahibəni hazırladı:
Nəzrin Abbaslı