
Naxçıvanda 19 sahibkarlıq subyektinə 25 investisiya təşviqi sənədi verilib
"İnvestisiya təşviqi sənədi Naxçıvan Muxtar Respublikasında iqtisadi fəallığın artırılması, iş yerlərinin yaradılması və sahibkarların dövlət dəstəyi ilə təşviqi baxımından mühüm alətə çevrilmişdir”.
Bu sözləri “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin İnvestisiyalar və monitorinq şöbəsinin İnvestisiya proqramları, layihələri və təşviqi sektorunun məsləhətçisi Hüseyn Quliyev bildirib.
O, deyib ki, investisiya təşviqi sənədi ölkə üzrə, o cümlədən Naxçıvanda investorların cəlb edilməsi, sahibkarlığın inkişafı və yeni istehsal sahələrinin qurulması üçün mühüm dövlət dəstək mexanizmidir.
Onun sözlərinə görə, investisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar 7 il müddətinə mənfəət və gəlir vergisinin 50 faizindən, müvafiq əmlakına görə əmlak vergisindən, eləcə də mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisindən 100 faiz azad edilirlər.
Hüseyn Quliyev qeyd edib ki, 2016–2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında ümumi dəyəri 121,2 milyon manat olan investisiya layihəsi üzrə 19 sahibkarlıq subyektinə 25 investisiya təşviqi sənədi və 51 təsdiqedici sənəd verilib. Bu sənədlər sayəsində 642 yeni iş yeri yaradılıb.
Nazirlik rəsmisi vurğulayıb ki, bu mexanizmin tətbiqi regionda davamlı iqtisadi inkişafı təmin etməklə yanaşı, investisiya mühitinin cazibədarlığını da artırır.