Naxçıvan Muxtar Respublika Stadionu müasir standartlara uyğunlaşdırılacaq

Naxçıvan Muxtar Respublika Stadionu müasir standartlara uyğunlaşdırılacaq

09 Sentyabr 2025

Naxçıvan Muxtar Respublikasında idman infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atılır.

Bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Emil Səmədov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə məlumat verib.

Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublika Stadionunun əsaslı təmiri və yenidənqurulması nəzərdə tutulub:

“Təfsilatlı Tədbirlər Planına uyğun olaraq stadionun layihə-smeta sənədlərinin hazırlanması istiqamətində işlər görülüb, 2025-ci il 8 sentyabr tarixində ‘Global Engineering Management Company’ şirkəti ilə müqavilə imzalanıb. Layihələndirmə işləri həmin şirkətə həvalə olunub və növbəti ildən inşaat işlərinə başlanılması planlaşdırılır”.

Emil Səmədov bildirib ki, stadion beynəlxalq standartlara uyğunlaşdırılacaq, süni ot örtüyü ilə təmin ediləcək, tribunalar yenilənəcək, oturacaqlar dəyişdiriləcək və tamaşaçılar üçün baxış bucağı optimallaşdırılacaq. Giriş-çıxış zonaları artırılacaq, təhlükəsizlik sistemləri yenidən qurulacaq, həmçinin VAR sisteminin tətbiqi üçün şərait yaradılacaq. Bundan əlavə, stadionun bütün mühəndis-kommunikasiya xətləri yenilənəcək, soyunub-geyinmə otaqları, mətbuat və dopinq nəzarət otaqları müasir tələblərə uyğun qurulacaq. Ətraf ərazidə abadlıq işləri aparılacaq, yeni parkinq sahələri yaradılacaq və əlilliyi olan şəxslər üçün uyğun mühit təmin ediləcək.

“Stadionun müasir tələblərə cavab verən şəkildə yenidən qurulması ölkəmizdə futbolun və ümumilikdə idmanın inkişafına böyük töhfə verəcək, eyni zamanda ‘Araz-Naxçıvan’ PFK-nın doğma meydanda çoxsaylı azarkeşləri önündə oyunlarını keçirməsinə imkan yaradacaq”, - deyə nazirlik əməkdaşı vurğulayıb.

Müsahibəni hazırladı:

Nəzrin Abbaslı