Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli geyimləri və dərs ləvazimatları təqdim olunub -

Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli geyimləri və dərs ləvazimatları təqdim olunub - FOTO

13 Sentyabr 2025

Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə aztəminatlı ailələrdən, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təkvalideynli, sağlamlıq imkanları məhdud, qazi övladı və çoxuşaqlı ailələrin uşaqlarına “Bilik” günü ərəfəsində məktəbli geyimləri və dərs ləvazimatlarının təqdim olunması ilə bağlı tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının inzibati binasında təşkil olunan tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır, onlara həm maddi, həm də mənəvi dəstək göstərilir. Eyni zamanda uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif mövsümi istirahət düşərgələri təşkil olunur.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən uşaq siyasəti nəticəsində cəmiyyətin bütün təbəqələrindən olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Muxtar respublikada da bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov isə vurğulayıb ki, uşaqların rifahı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onların hüquqlarının qorunması, təhsili, sağlamlığı və sosial müdafiəsi ilə bağlı əhəmiyyətli tədbirlər reallaşdırılır. Bu gün keçirilən tədbir də həmin fəaliyyətlərin mühüm tərkib hissəsidir.

Tədbirin sonunda uşaqlara məktəbli geyimləri və dərs ləvazimatları təqdim olunub. Bu təşəbbüs uşaqlar və valideynlər tərəfindən sevinclə  qarşılanıb. Onlar göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Eyni zamanda, tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı həyata keçirdiyi layihələri əks etdirən qısa videoçarxı da izləyiblər.

 Qeyd edək ki, muxtar respublikanın digər rayonlarında da analoji tədbirlər keçirilib və ümumilikdə 132 nəfər xüsusi kateqoriyadan olan uşağa məktəbli geyimləri və dərs ləvazimatları, 348 uşağa isə maddi yardım verilib.