Naxçıvanda “Rənglərdə yaşayan şəhərlər” rəsm müsabiqəsinə start verildi
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında yaşayan yeniyetmə və gənclər arasında “Xəyalındakı şəhərin rəsmini çək!” devizi ilə rəsm müsabiqəsinə start verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd iştirakçıların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, onların şəhərlərə baxışının və gələcək şəhər təsəvvürlərinin rəsm vasitəsilə ifadə olunmasına şərait yaratmaqdır.
Müsabiqədə iştirak etmək istəyənlər öz rəsm əsərlərini 27 aprel 2026-cı il tarixədək çərçivəyə salınmış formada Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə, Bəhruz Kəngərli adına Sərgi Salonuna təqdim etməlidirlər.
Müsabiqə iki yaş qrupu üzrə təşkil olunur: 14–18 və 19–29 yaş aralığında olan iştirakçılar öz bacarıqlarını sınaya biləcəklər.
Şərtlərə əsasən, təqdim olunan əsərlər akvarel, quaş, yağlı boya və ya qrafika texnikasında hazırlanmalı, hər iştirakçı maksimum 3 (əvvəllər nümayiş olunmamış) əsərlə qatılmalıdır. Həmçinin əsərin arxa hissəsində müəllifin adı, soyadı, təvəllüdü və əlaqə nömrəsi qeyd olunmalıdır.
Müsabiqə çərçivəsində sərgi və mükafatlandırma mərasimi 4 may 2026-cı il tarixində saat 15:00-da Bəhruz Kəngərli adına Sərgi Salonunda keçiriləcək. Qaliblər diplom, fəxri fərman və müxtəlif hədiyyələrlə təltif olunacaqlar.








