Naxçıvanda taxoqraflardan istifadəyə dair təlimlər davam edir -

Naxçıvanda taxoqraflardan istifadəyə dair təlimlər davam edir - FOTO

18 Fevral 2025

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada yük daşımalarının həyata keçirilməsində xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, nazirliyin təşkilatçılığı ilə Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi (NANA) və  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə muxtar respublikada yükdaşıma fəaliyyəti göstərən sürücülər və sahibkarlar üçün  14 fevral tarixindən növbəti təlimlərə başlanılıb. İki qrup olmaqla 4 gün davam edən təlimlərdə nəzəri və praktiki biliklərə yiyələnən sürücülərə taxoqraf və ondan istifadə qaydaları haqqında ətraflı məlumatlar verilib. Vurğulanıb ki, taxoqraf nəqliyyat vasitələrinin hərəkətini izləyən və qeyd edən bir qurğudur. Bu qurğu sürücünün nəqliyyat vasitəsini idarə etdiyi, dincəldiyi və texniki təmirə sərf etdiyi vaxtı, habelə digər məlumatları qeyd edir və nəzarətedici orqan tərəfindən bu tədbirlərə nəzarət edilir.

Təlimlərin keçirilməsində məqsəd sürücülərin və nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək, eləcə də şirkətlərin və dövlət orqanlarının sürücü fəaliyyətlərini izləməsinə və təhlükəsizlik qaydalarına əməl edilməsini təmin etməsinə kömək etməkdir.

Məlumat üçün bildirilir ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2024-cü il tarixli müvafiq Qərarı ilə təsdiq edilən “Taxoqraflardan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqram” üzrə keçirilir. Təlimlərə 100-ə yaxın müdavim cəlb edilib və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.