Azərbaycan - Şimali Makedoniya münasibətləri yeni müstəvidə

Azərbaycan - Şimali Makedoniya münasibətləri yeni müstəvidə - TƏHLİL

12 Mart 2025

Azərbaycanın balkan ölkələri ilə ikili münasibətləri, diplomatik əlaqələrinin möhkəmləndirilməsində Azərbaycanla Şimali Makedoniya arasındakı münasibətlərin xüsusi əhəmiyyəti vardır. Belə ki, dünyanın müasir mənzərəsində Şərqdən Qərbə nəqliyyat, tranzit əlaqələrinin qurulması, möhkəmləndirilməsində ölkələrarası iqtisadi-siyasi münasibətlərin təkmilləşdirilməsi müstəsna əhəmiyyət daşıyır.

Son illərdə, xüsusilə Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Avropanın enerji təhlükəsizliyi üçün problemlər yarandığı aşkardır. Eyni zamanda Şərqdən başlayan tranzit yüklərin Avropaya maneəsiz çatması da bu gün Avropa dövlətlərini düşündürən məsələlərdəndir. Nəzərə alsaq ki, son illərdə Avropada təbii qazın qiymətində artım müşahidə olundu, Azərbaycan 2021-ci ildə Avropa İttifaqı ilə imzaladığı müqavilədə 2027-ci ildə Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropaya təbii qaz ixracını 30 milyard kubmetrə çatdıracağını bəyan etdi, bu zaman Azərbaycanın Avropaya enerji ixracında əhəmiyyətli fiqura, söz sahibinə çevrilməsini müşahidə etmiş oluruq.

Paralel olaraq Azərbaycanın təbii qaz ehtiyatlarının 2.6 trilyon kubmetr olduğu məlumdur və gələcəkdə qaz ixracının artırılması planlaşdırılır. Azərbaycanın alternativ enerji mənbələrindən səmərəli istifadə etməsi, hətta bu vasitə ilə 2027-ci ildə 1 milyard kubmetr mavi yanacağa qənaət ediləcəyinin proqnozlaşdırılması və bu kimi faktorlar deməyə əsas verir ki, Azərbaycan Avropaya təbii qaz ixracında maraqlı tərəf kimi Avropa ölkələri ilə ikili münasibətlərin, enerji layihələrinin icrasını daha da artırılması yolunda uğurlu diplomatik addımlar atır.

Bu mənada Şimali Makedoniya ilə Azərbaycan Respublikası arasında əməkdaşılığın genişləndirilməsi, birgə layihələrin icrasına yönələn müqavilələrin imzalanması ölkəmizin uzunmüddətli enerji diplomatiyasının mühüm tərkib hissələrindəndir. Ölkə Prezidentinin düşünülmüş siyasəti nəticəsində 2023-cü ildə Bosniya və Herseqovina, Serbiyaya rəsmi səfərləri, Xorvatiyanın Baş naziri ilə görüşü əslində Şərqi Avropa ölkələri ilə əlaqələrin möhkəmləndirilməsində önəmli addımlar oldu. 2022-ci ildə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i çərçivəsində“Qara dəniz yaşıl kabel” layihəsində ölkəmizin fəal iştirakı da Şərqi Avropa ölkələri ilə Azərbaycanın etibarlı tərəfdaşlığını təsdiqləmiş olur. 

Bu məcrada Azərbaycan və Şimali Makedoniyanın möhkəm tarixi kökləri olan ikitərəfli münasibətləri yeni perspektivlər vəd edir. Bu münasibətlər 1995-ci ildə Azərbaycanın Şimali Makedoniyanın müstəqilliyini tanıması ilə qurulmuş, Şimali Makedoniya Respublikasının prezidenti 2015, 2016, 2017 və 2018-ci illərdə Azərbaycana səfərə gəlmiş, siyasi, iqtisadi, humanitar sahələrdəki yeni əməkdaşlıqların özülü də bu səfərlər, ikitərəfli danışıqlar zamanı qoyulmuş, həmçinin Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin 2023-cü ilin aprelində Bakıya ölkəmizə səfəri zamanı birgə enerji layihələrinin işlənməsinin zəruriliyi diqqət mərkəzinə çəkilmişdir. Ardıcıl olaraq hökumətləarası danışıqların aparılması, xarici işlər nazirlərinin görüşü, parlamentlərarası işçi qrupunun fəaliyyəti ölkələrimiz arasındakı hərtərəfli münasibətlərin tənzimlənməsində müstəsna rol oyanmışdır. Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələri vasitəsi ilə Azərbaycan qazının Avropaya ixracı Avropanın enerji təhlükəsizliyinin təmini baxımıdan əhəmiyyətli olduğundandır ki, Şimali Makedoniya da Azərbaycanla birgə enerji layihələrinin icrasına maraq göstərir.

Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri zamanı aparılan danışıqlar ölkələrimiz arasındakı münasibətlərin yeni perspektivlərini ortaya qoyacaqdır. Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova ilə görüşdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik”. Bütün bunlar Azərbaycanın enerji diplomatiyasının parlaq qələbəsi kimi gələcək perspektivlərdən xəbər verir. 

Əli Həşimov

Ali Məclisin deputatı